Siyasət xəbərləri

Bakıda “İşğal altında - Ağdam” kompyuter oyununun təqdimat mərasimi keçirilib - FOTOSESSİYA

17:15 07-10-2013

Bakıda “İşğal altında - Ağdam” kompyuter oyununun təqdimat mərasimi keçirilib - FOTOSESSİYA

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Bakıda “İşğal altında - Ağdam” kompyuter oyununun təqdimat mərasimi keçirilib.

 

APA-nın xəbərinə görə, təqdimat mərasimində çıxış edən gənclər və idman nazirinin müavini İ.Babayev deyib ki, “İşğal altında - Ağdam” kompyuter oyunu Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “AzDimension” gənclərdən ibarət təşəbbüs qrupu tərəfindən hazırlanıb.

 

Onun sözlərinə görə, ilk oyun olan "İşğal altında - Şuşa" kompyuter oyunları bir il əvvəl həvəskarlara təqdim edilib və böyük marağa səbəb olub. “İşğal altında - Ağdam” kompyuter oyunu döyüş janrında hazırlanıb və Qarabağ müharibəsini əks etdirir: “Bundan sonra biz başa düşdük ki, bu cür oyunlar davam etməlidir. Təbii ki, daha keyfiyyətli şəkildə yenilənməlidir. Biz bu gün bu cür oyunları təşkil etməklə gənclərimizin yaddaşını canlandırırıq. Bu oyunda Ağdamın real görüntüləri var. Oyunda əsas hədəf Ağdam şəhərini işğalçılardan azad etməkdən ibarətdir. Yeni oyunda kompyuter qrafikası təkmilləşdirilərək, xüsusi effektlərdən istifadə edilib. Oyunun qrafikası Qarabağın, həmçinin Ağdam şəhərinin real görüntüləri üzərində qurulub. Şəhərin görüntüləri 2 zaman kəsiyində - işğaldan öncə və işğaldan sonra göstərilib. Bu oyun ölkəmizin tarixini öyrənməyə imkan yaradacaq, gənclərin və yeniyetmələrin hərbi-vətənpərvərlik tərbiyəsinə müsbət təsir göstərəcək”.

 

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib ki, oyunun adının ağır olmasına baxmayaraq, bu oyun günümüzün reallığıdır: “Biz öz sözümüzü bu oyun vasitəsilə dünyaya çatdıraraq demək istəyirik ki, Azərbaycan bu cür bəlaya düçar olub. Hazırkı dövr İKT ilidir. Belə bir dövrdə gənclərin dünyaya İKT vasitəsilə öz sözünü deməsi alqışa layiq bir haldır. Gənclərimizin hazırda daha çox aludə olduğu məhz bu cür vasitələrdir. Buna görə də düşünürəm ki, bu oyun onlara daha xoş təsir bağışlayacaq və bununla da onlar Qarabağ həqiqətlərini dünyaya daha fəal şəkildə çatdıracaqlar. Bundan sonra daha bir yeni oyun üzərində iş gedəcək və əminəm ki, bu da daha keyfiyyətli şəkildə gənclərin öhdəsinə veriləcək”.

 

“AzDimension” gənclərdən ibarət təşəbbüs qrupunun rəhbəri Fərid Haqverdiyev isə oyun haqda məlumat verərək deyib ki, bu cür oyunları təşkil edən zaman hər şeyin keyfiyyətli və dünya standartlarına uyğun olması nəzərə alınır: “Biz bu oyun üzərində çox çalışmışıq. İstəyirik ki, gənclər müasir dövrdə yaranan bütün imkanlardan aktiv şəkildə istifadə edərək, dünyaya öz sözlərini deyə bilsinlər. Onu da deyim ki, yaxın zamanlarda oyunu isgalaltinda.com saytından və www.facebook.com/AzDimension sosial səhifəsindən yükləmək mümkün olacaq”.

 

Qeyd edək ki, “İşğal altında Ağdam” kompyuter oyunu İlham Əliyevin 07 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrasının təmin olunması və “2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında” 2013-cü il 16 yanvar tarixli sərəncamına müvafiq olaraq yaradılıb. 

 



© APA 2017