Siyasət xəbərləri

Moldova prezidenti: “Dağlıq Qarabağ münaqişəsi ilə müqayisədə, Dnestryanı problemini həll etmək daha asandır”

08:53 24-12-2017

Moldova prezidenti: “Dağlıq Qarabağ münaqişəsi ilə müqayisədə, Dnestryanı problemini həll etmək daha asandır”

“Dağlıq Qarabağ və Dnestryanı münaqişələrini müqayisə etdikdə, Moldovanın bəxti daha çox gətirib, çünki Dnestryanı problemini həll etmək daha asandır”. Bu barədə, Moldova prezidenti İqor Dodon 2017-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında APA-nın sualını cavablandırarkən deyib.   

 

Separatçılığın yayılmasının qarşısını almaq üçün beynəlxalq ictimaiyyətin mümkün addımlarına dair sualını cavablandıran İ.Dodon, Dnestryanı probleminin həllinə yalnız Qərb-Moskva münasibətlərinin yaxşılaşmasından sonra nail olacağını hesab etdiyini bildirib.

 

“Mən ümid edirəm ki, postsovet məkanında həll olunmamış bütün məsələlər dinc yolla həllini tapacaq. Hər kəsin öz həqiqəti var.  Biz hamımız gələcəyə baxmalıyıq, bütün bu vəziyyətlərdən  çıxış yollarını taparaq, birlikdə irəliləməliyik. Bu münaqişə ilə (Dağlıq Qarabağ münaqişəsi-red.) müqayisədə, Moldovanın bəxti daha çox gətirib, çünki bizim problemi (Dnestryanı problemini – red.) həll etmək daha asandır.

   

Hesab edirəm ki, Qərb-Moskva münasibətləri yaxşılaşdıqdan sonra bu problemi bütün postsovet məkanında məhz Moldovada çox asan həll etmək mümkün olacaq. Həmin həll variantı başqaları üçün mürəkkəb vəziyyətlərdə nümunə ola bilər”, - deyə İ.Dodon qeyd edib. 



© APA 2018