Siyasət xəbərləri

Avropa Komissiyasının xarici əlaqələr şöbəsinin Azərbaycan üzrə koordinatoru Cüzeppe Buzini: “Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr ümidverici səviyyədədir”

12:37 14-12-2006

Avropa Komissiyasının xarici əlaqələr şöbəsinin Azərbaycan üzrə koordinatoru Cüzeppe Buzini: “Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr ümidverici səviyyədədir”

“Hal-hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr çox yaxşı və ümidverici bir səviyyədədir. Avropa Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlığa dair Fəaliyyət Planı imzalanıb, bundan əlavə ötən ayın əvvəllərində Avropa Komissiyası ilə Azərbaycan arasında energetika sahəsinə dair çox mühüm sənəd imzalanıb. Hal-hazırda biz Azərbaycana yardım üzrə əməkdaşlıq strategiyasını hazırlayaraq başa çatdırmaq üzrəyik”.
Bu açıqlamanı APA-nın Avropa bürosunun əməkdaşına Avropa Komissiyasının xarici əlaqələr şöbəsinin Azərbaycan üzrə koordinatoru Cüzeppe Buzini verib. Azərbaycan Avropa İttifaqı parlamentlərarası əməkdaşlıq komitəsinin yeddinci iclasının nəticələrini şərh edən Cüzeppe Buzini Azərbaycanla bağlı müəyyən problemlərin mövcud olduğunu deyib. “Üzləşdiyimiz ən mühüm problem Cənubi Qafqaz regionu üçün nəzərdə tutulmuş REC - Ətraf Mühitin Qorunmasına Dair Regional Mərkəz - Xartiyasının Azərbaycan tərəfdən hələ də ratifikasiya edilməməsidir. Gürcüstan və Ermənistan artıq bu xartiyanı ratifikasiya edib. Azərbaycan xartiyanı imzalasa da, sənədin ratifikasiyası hələlik reallaşmır. Bu, çox mühüm sənəddir, demək olar ki, REC proqramının Konstitusiyasıdır”. Cüzeppe Buzini sənədin ratifikasiya olunmamağının səbəbini azərbaycanlı parlamentarlardan soruşmağı tövsiyə edib: “Bunu sizin parlament üzvləri daha yaxşı bilər. Ümid edirik ki, Azərbaycan tərəfi bu sənədi ratifikasiya edəcək. Çünki bu xartiya regional əməkdaşlığın əsas sütunudur və bu proqram regionda onsuz da çox ağır vəziyyətdə olan ətraf mühitin normallaşmasına yönəlib. Hesab edirəm ki, bu proqram çərçivəsində aparılan işlər Cənubi Qafqazda regional əməkdaşlığı daha da canlandıracaq”. /APA/


© APA 2018