Siyasət xəbərləri

“Azadlıq” bloku: “ADP-nin blokda təmsilçisi Sərdar Cəlaloğlu olacaq”

18:01 14-02-2007

“Azadlıq” bloku: “ADP-nin blokda təmsilçisi Sərdar Cəlaloğlu olacaq”

“Azadlıq” bloku Azərbaycan Demokrat Partiyasının (ADP) bu qurumda təmsilçisi kimi partiyanın qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu ilə əməkdaşlıq etmək qərarı qəbul edib. Bu barədə APA-ya blokun üzvü olan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev məlumat verib. Onun sözlərinə görə, blok liderləri partiya daxilində baş verən qarşıdurmanın həll olunmasında və kompromisin əldə edilməsində maraqlıdırlar. Ə. Əliyev bildirib ki, S. Cəlaloğlu kompromis üçün bəzi addımlar atmağa razılıq verib. Belə ki, o, partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədrliyindən istefa verməyə hazır olduğunu bildirib və partiyanın qurultayında sədrliyə namizədliyini irəli sürməyəcəyini deyib: “Artıq bu, tərəflərdən birinin kompromis əldə olunması üçün geriyə addım atmasıdır. Biz digər tərəfin nümayəndəsi Akif Şahbazovu da dinləmişik və hesab edirik ki, bu addımlar onlar tərəfindən müsbət qəbul olunacaq”. Ə. Əliyev onu da qeyd edib ki, ADP daxilində bundan sonra baş verəcək proseslərdən asılı olmayaraq “Azadlıq” bloku qərarını dəyişməyəcək.
Qeyd edək ki, blok liderləri iki gün davam edən gərgin müzakirələrdən sonra bu gün məsələ ilə bağlı birgə sənəd qəbul ediblər. Qərarda ADP-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin (TK) yaradıldığını, qurultaya qədər partiyaya rəhbərliyi TK-nın həyata keçirdiyini, Nizamnaməyə görə, sədrin müavinlərinin təsdiq və ya azad edilməsinin, həmçinin, sədrin qəbul etdiyi qərar və sərəncamların təsdiqinin Ali Məclisin səlahiyyətində olmasını, Sədrlər Şurasında ADP təmsilçiliyini Rəsul Quliyevin şəxsən həyata keçirmək imkanının olmamasını, S. Cəlaloğlunun bəzi addımlarından geri çəkilməsini, eyni zamanda onun Rəsul Quliyevin TK-ya sədr seçilməsinə tərəfdar olacağı barədə bəyanatını və ADP Nizamnaməsinə görə qurultayadək olan dövrdə partiyaya rəhbərliyi həyata keçirən TK-nın ölkə daxilində partiyanın təmsilçilik hüququnu S. Cəlaloğluna verdiyini nəzərə alınaraq, Sədrlər Şurasında S. Cəlaloğlunun təmsilçiliyi ADP Nizamnaməsinə uyğun hesab edilib.
Akif Şahbazov isə APA-ya açıqlamasında blokun bu qərarının balans siyasəti həyata keçirmək məqsədi daşıdığını bildirib: “Amma onların sədrin təyin etdiyi təmsilçini deyil, sədrin sərəncamı ilə bu postdan uzaqlaşdırılmış bir şəxsi qəbul etmələri Rəsul Quliyevə hörmətsizlik və etimadsızlıqdır”. Blok liderlərini partiyanın qəbul etdiyi qərarlara hörmətlə yanaşmağa çağıran A. Şahbazov S. Cəlaloğlunun üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyini də bildirib: “Sərdar Cəlaloğlu çox mahir usta olduğuna, bu gün bir söz, sabah başqa söz dediyinə görə, gələcəkdə imtina etdiyi yerlərə namizədliyini irəli sürə bilər. O bu şərti pozacağı halda, bunun heç bir məsuliyyət yaratmayacağını da bilir. Bu öhdəlikləri əsas götürüb, onu təmsilçi kimi qəbul etməyi partiya sədrinə qarşı hörmətsizlik kimi qiymətləndirirəm”. /APA/


© APA 2018