Siyasət xəbərləri

Azərbaycan zabiti Ramil Səfərov cinayət işinin materialları ilə tanış olmaq üçün bu gün məhkəməyə gətirilib

18:03 14-02-2007

Azərbaycan zabiti Ramil Səfərov cinayət işinin materialları ilə tanış olmaq üçün bu gün məhkəməyə gətirilib
Fevralın 22-də Budapeşt şəhər Məhkəməsinin Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun barəsində çıxardığı 13 aprel 2006-cı il tarixli hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayacaq. R. Səfərovun ailəsinin və Müdafiə Nazirliyinin nümayəndəsi, vəkil İkram Şirinov fevralın 18-də Budapeştə səfər edəcək. Bu barədə APA-ya açıqlamasında məlumat verən İ. Şirinov bildirib ki, artıq səfər proqramı dəqiqləşdirilib. Fevralın 19-21-də İ. Şirinov R. Səfərov və onun macar vəkilləri ilə görüşəcək, məhkəmə prosesinə hazırlıq məsələlərini müzakirə edəcək. Vəkilin sözlərinə görə, bu gün R. Səfərov cinayət işinin materialları ilə tanış olmaq üçün saxlandığı istintaq təcridxanasından məhkəməyə gətirilib. Hazırda azərbaycanlı zabit iş materialları ilə tanış olur. İ. Şirinov bu gün R. Səfərov və onun macar vəkilləri ilə telefon əlaqəsi yaratdığını və apellyasiya prosesinə hazırlıq məsələlərini müzakirə etdiyini bildirib. R. Səfərovun ailəsinin digər nümayəndəsi Elmar Kərimov isə üzrlü səbəblərdən məhkəmə prosesində iştirak etməyəcək. R. Səfərovun fevralın 22-nə təyin olunan prosesdə Vəkillər Kollegiyasının sədri Azər Tağıyev də iştirak edəcək. A. Tağıyevin İ. Şirinovla birgə Budapeştə səfər edəcəyi gözlənilir.
Qeyd edək ki, erməni zabit Qurgen Marqaryanı qətlə yetirməkdə təqsirli bilinən R. Səfərovun hüquqlarını bu iş üzrə macar vəkil Georq Macar, nəzarətçilərlə bağlı iş üzrə isə vəkil Klara Fişer müdafiə edir. /APA/


© APA 2018