Siyasət xəbərləri

Bakıda keçiriləcək Azərbaycan və türk diaspor təşkilatlarının I Forumuna 48 ölkədən 450 nəfər nümayəndə qatılacaq

16:43 12-02-2007

Bakıda keçiriləcək Azərbaycan və türk diaspor təşkilatlarının I Forumuna 48 ölkədən 450 nəfər nümayəndə qatılacaq

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov martın 9-da Bakıda keçiriləcək Azərbaycan və türk diaspor təşkilatlarının I Forumu ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, komitə sədri Forumda Azərbaycan prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və Şimalı Kipr Türk Cümhuriyyətinin prezidenti Mehmet Əli Tələtin iştirakının gözlənildiyini bildirib. Forumun yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədi ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi və Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası tərəfindən birgə Təşkilat Komitəsi yaradılıb, işçi qrupları təşkil edilib. N. İbrahimov tədbirə Azərbaycan və Türkiyənin dövlət və hökumət nümayəndələrinin, xarici ölkələrdə fəaliyyət göstərən nüfuzlu Azərbaycan və türk icmalarının, türkdilli xalqların və dövlət təmsilçilərinin də qatılacağını deyib: “Foruma 48 ölkədən ümumilikdə 450 nəfərə yaxın nümayəndənin dəvət olunması planlaşdırılır. Tədbirdə Azərbaycan diasporunu 145, türk diasporunu 120, Ahıska türklərini 16, İraq türklərini 23 nəfər təmsil edəcək. Bundan başqa, Forumda 30-dan çox ölkədən Azərbaycan və türk diasporlarının inkişafında xidmətləri olan ayrı-ayrı şəxslər, siyasi xadimlər, parlament və hökumət üzvləri, tanınmış alimlər və ziyalılardan ibarət 150 nəfərə yaxın qonağın iştirakı gözlənilir”. Komitə sədri deyib ki, Forumda Almaniya 60, ABŞ 29, Bolqarıstan 29, Rusiya 27, Niderland Krallığı 18, Norveç Krallığı 17, İsveç Krallığı 16, Belçika Krallığı 15, Kanada 15, Rumıniya 15 Avstriya isə 13 nümayəndə ilə təmsil olunacaq. Ayrıca olaraq Türkiyədən Foruma 61 nəfərin qatılacağı gözlənilir. Onlar arasında hökumət üzvləri, millət vəkilləri, dövlət strukturlarında yüksək vəzifə tutan şəxslər, bələdiyyə başqanları, tanınmış ziyalılar, mədəniyyət və incəsənət xadimləri, jurnalistlər də var: “Forumda Türk dövlətləri arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı, diaspor quruculuğu sahəsində əməkdaşlığın dərinləşdirilməsi, türkdilli xalqların tarixi, müasir həyatı, sosial-iqtisadi inkişaf səviyyəsi, mədəniyyəti ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması, diaspor təşkilatlarının fəaliyyətinin səmərəliliyinin artırılması, habelə bütün türk xalqları arasında münasibətlərin inkişafı, onların problemlərinin diqqət mərkəzində saxlanılması ilə bağlı məsələlər müzakirə ediləcək”. N. İbrahimov Forumda bir sıra sənədlərin qəbul olunacağını bildirib. Onun sözlərinə görə, bu sənədlərdən ən mühümü “Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası”dır. Layihədə Azərbaycan və Türk diaspor təşkilatları arasında əməkdaşlığın prinsipləri və əsas istiqamətləri öz əksini tapıb. Strategiya layihəsi Avropa, ABŞ və Kanada, MDB, Asiya və Avstraliya, Mərkəzi və Cənubi Amerika regionları üzrə azərbaycanlı və türk icmalarının əməkdaşlığının forma və metodlarını özündə ehtiva edir. Forumda Azərbaycan və Türk diaspor təşkilatlarının Koordinasiya Şurasının yaradılması da planlaşdırılıb: “Koordinasiya Şurasının üzvləri xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı və türk icmalarının rəhbərləri arasından seçiləcək”. Forumda, həmçinin dünya türkdilli xalqlarına müraciət, Bakı bəyannaməsi, Ermənistanın Azərbaycana təcavüzü və erməni terrorçularının azərbaycanlılara qarşı törətdikləri terror və soyqırım aktları ilə bağlı birgə bəyanat, qondarma “erməni soyqırımı” iddialarının tanınması barədə qərar qəbul edən ölkələrə etiraz bəyanatının qəbul olunması planlaşdırılıb. /APA/


© APA 2018