Siyasət xəbərləri

Elmira Axundova: “Vizaları sürətləndirilmiş qaydada veririksə, Azərbaycanın müharibə şəraitində yaşadığı da nəzərə alınmalıdır”

13:45 29-12-2017

Elmira Axundova: “Vizaları sürətləndirilmiş qaydada veririksə, Azərbaycanın müharibə şəraitində yaşadığı da nəzərə alınmalıdır”

“Biz əgər vizaları sürətləndirilmiş qaydada, ən geci 3 saat ərzində veririksə, bu zaman müvafiq orqan ölkəmizə gəlmək istəyən turisti və ya hər hansı bir insanı belə qısa zamanda necə yoxlayaraq biləcək ki, bu insan respublikamıza hansı səbəbdən və hansı niyyətlə gəlir. Nəzərə alaq ki, Azərbaycan müharibə şəraitində yaşayır, ölkəmizin xarici düşməni var və inkişafımızın əleyhinə olan xarici qüvvələr də az deyil”.

 

 

APA-nın məlumatına görə, bunu deputat Elmira Axundova “Turizm haqqında” qanuna elektron vizaların 3 saat ərzində verilməsi ilə bağlı edilən əlavənin müzakirəsi zamanı deyib.

 

O qeyd edib ki, hazırda bir çox ölkədə terrorizm halları çoxalıb: “Şükür olsun ki, bizim güclü və çevik hüquq-mühafizə orqanlarımızın sayıqlığı nəticəsində bu kimi hadisələr ölkəmizdə baş vermir, belə bir ehtimal olarsa, onun qarşısı vaxtında və böyük ustalıqla alınır. Mən başa düşürəm ki, burada məqsəd turizmin inkişaf etdirilməsi, turistlər üçün rahatlığın təmin olunması və vaxt sərfiyyatının azaldılmasıdır. Amma 3 saatdan az vaxt ərzində biz bir insana viza veririksə, bu zaman ölkəyə hər kəs rahatlıqla daxil ola biləcək. Xahiş edirəm ki, bu məsələyə aydınlıq gətirəsiniz”.

 

Spiker Oqtay Əsədov deputat cavab olaraq bildirib ki, bu, nəzərə alınıb: “Bu ümumi bir kompüter sistemidir. Problem olmayacaq. Sadəcə, indiyə kimi 3 günə kimi uzadırdılar, amma indi azaldıldı ki, gələn turistlər üçün asan olsun”.

 

 



© APA 2018