Siyasət xəbərləri

Martın 10-da Bakıda Avropa Azərbaycanlıları Konqresinin II Qurultayı keçiriləcək

16:50 12-02-2007

Martın 10-da Bakıda Avropa Azərbaycanlıları Konqresinin II Qurultayı keçiriləcək

Martın 10-da Bakıda Avropa Azərbaycanlıları Konqresinin (AAK) II Qurultayı keçiriləcək. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, qurultayda Avropada fəaliyyət göstərən 64 Azərbaycan diaspora təşkilatının 200 nəfərədək nümayəndəsi iştirak edəcək. Toplantıda təsis qurultayından keçən dövr ərzində təşkilatın Avropa ölkələri ərazisində Azərbaycan diasporunun formalaşdırılması istiqamətindəki fəaliyyətinə həsr olunan hesabat məruzəsi dinləniləcək. Tədbirdə AAK-ın Avropadakı diaspor fəaliyyətinin genişləndirilməsi, buradakı soydaşlarımızın ideya-siyasi birliyinin daha da gücləndirilməsi, qitədəki Azərbaycan dərnəklərinin, icmalarının, federasiyalarının və başqa diaspor təşkilatlarının fəaliyyətinin koordinasiya imkanlarının artırılması məsələləri geniş müzakirə olunacaq. Toplantının sonunda bir neçə mühüm sənəd qəbul ediləcək. Belə ki, Qurultay iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul ediləcəyi gözlənilir. Bundan başqa toplantıda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Beynəlxalq təşkilatlara müraciət və Qurultayın Qətnaməsi qəbul ediləcək. /APA/


© APA 2018