Siyasət xəbərləri

Millət vəkili: “Bəzi rayonların icra hakimiyyətlərinin başçıları sahibkarları incidir”

13:44 29-12-2017

Millət vəkili: “Bəzi rayonların icra hakimiyyətlərinin başçıları sahibkarları incidir”

“Bəzi rayonların icra hakimiyyətlərinin başçıları sahibkarları incidir”.

 

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev deyib. 

 


“Çox təəssüf ki, bəzi icra başçıları sahibkarları incitməkdə davam edir. Bayramqabağı olduğundan mən ad çəkmirəm. Bizə bununla bağlı çoxlu müraciət daxil olur. İcra başçıları xüsusi ilə kiçik sahibkarlardan aldıqları tikinti materialları və digər malların dəyərini ödəmir. Biz həmin icra başçıları ilə telefon əlaqəsi yaratmaq istəsək də, onlar zəngə cavab vermirlər”, - deyə Q.Həsənquliyev vurğulayıb. 

 

Q.Həsənquliyev sahibkarların ləğv prosesində olan bankların girovluğunda olan əmlakları ilə bağlı narahatlığını da diqqətə çatdırıb. “Bir sahibkar ləğvetmə prosesində olan “Zaminbank” vasitəsi ilə Sahibkarlığa Kömək Milli Fondundan kredit alıb. Bank bağlanandan sonra qalan vəsaiti tam olaraq, sözügedən Fonda ödəyib. Sahibkarlığa Kömək Milli Fondu da borcun tamamilə ödənildiyi barədə sahibkara arayış verib. Amma digər müvafiq qurumlar sahibkarın əmlakının girovluqdan çıxarılması üçün arayış vermir. Məsələn, Əmanətlərin Sığortalanması Fondundan sahibkara deyiblər ki, vəsaiti özbaşına qaytarıb. Niyə vəsaiti Sahibkarlığa Kömək Milli fonduna qaytarmayı  Fonddan bildirilib ki, bu bankla vəziyyət aydınlaşandan sonra vəsaitin hara ödəyəcəyini deyəcəkmişlər”, - deyə Q.Həsənquliyev əlavə edib.

 



© APA 2018