Siyasət xəbərləri

Müxalifət Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyini ayrı-ayrılıqda qeyd edəcək

17:06 20-05-2008

Müxalifət Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyini ayrı-ayrılıqda qeyd edəcək

Bakı. Elnur Məmmədli APA. Müsavat Partiyası Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 90 illiyi münasibətilə mayın 28-də Novxanı qəsəbəsində Məhəmməd Əmin Rəsulzadənin heykəli önündə anım mitinqi keçirəcək. Partiyanın mətbuat xidmətinin rəhbəri Mehman Cavadoğlu APA-ya bildirib ki, partiya fəalları M. Ə. Rəsulzadənin Novxanı qəbiristanlığında dəfn olunmuş yaxınlarının məzarını ziyarət edəcək, AXC banisinin heykəli önündə mitinq keçirəcəklər. Bundan başqa, partiyanın təşkilatçılığı ilə cümhuriyyətin yaranmasının ildönümünə həsr olunmuş dəyirmi masanın keçirilməsi nəzərdə tutulub. Bu münasibətlə Müsavatın qərargahında startı verilən şahmat çempionatına isə mayın 27-də yekun vurulacaq.
“Azadlıq” bloku da AXC-nin yubileyi ilə bağlı M. Ə. Rəsulzadənin heykəli önündə mayın 28-də anım mitinqi keçirəcək. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Həsən Kərimov APA-ya bildirib ki, blok üzvləri Rəsulzadənin yaxınlarının məzarlarını da ziyarət edəcəklər. O, tədbirin Müsavat Partiyası ilə birgə keçirilməyəcəyini, ayrı-ayrı vaxtlarda Rəsulzadənin heykəli önünə toplaşacaqlarını deyib.


© APA 2018