Siyasət xəbərləri

Novruz Məmmədov: “Prezident İlham Əliyevin Kiyevə rəsmi səfəri və enerji sammitində iştirakı Azərbaycan üçün böyük əhəmiyyətə malikdir”

17:39 20-05-2008

Novruz Məmmədov: “Prezident İlham Əliyevin Kiyevə rəsmi səfəri və enerji sammitində iştirakı Azərbaycan üçün böyük əhəmiyyətə malikdir”

Bakı. Laçın Sultanova - APA. Azərbaycan prezidenti İlham Əliyev Ukrayna prezidenti Viktor Yuşşenkonun dəvəti ilə mayın 21-dən 23-dək bu ölkədə səfərdə olacaq. Prezident Aparatı beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov APA-ya bildirib ki, səfər iki hissədən ibarətdir.
İlk hissə prezidentin Ukraynaya rəsmi səfəri, ikinci hissə isə Azərbaycan dövlət başçısının Kiyevdə keçiriləcək enerji təhlükəsizliyi sammitində iştirakdan ibarət olacaq. Səfərin mahiyyətindən danışan şöbə müdiri deyib ki, hər iki hissə böyük əhəmiyyətə malikdir: “Azərbaycanla Ukrayna arasında əlaqələr bütün sahələrdə çox yaxşı inkişaf edir, dövlətlərimizin və xalqlarımızın bir birinə tarixi yaxınlığı var. Hazırda bu əməkdaşlıq inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatıb”. N. Məmmədov Azərbaycan prezidentinin enerji sammitində iştirakının da böyük əhəmiyyəti olduğunu vurğulayıb: “Azərbaycan Avropa ilə Asiyanın qovşağında yerləşir və zəngin karbohidrogen ehtiyatlarına malikdir. Azərbaycan həmin karbohidrogen ehtiyatlarını dünya bazarlarına çıxarmaq iradəsini ortaya qoyduğu üçün prezident İlham Əliyevin bu sammitdə iştirakının mühüm əhəmiyyəti var. Ümumiyyətlə, bu sammitin rəhbərliyi məhz Azərbaycan prezidentinin toplantıda iştirakında çox maraqlıdır”. N. Məmmədovun sözlərinə görə, sammitdə enerji məsələləri, bir sıra Şərqi Avropa ölkəsinin enerji təchizatına dair geniş fikir mübadiləsi və araşdırmalar aparılacaq.
Qeyd edək ki, Ukrayna prezidentinin mətbuat xidməti artıq prezident İlham Əliyevin Kiyevə rəsmi səfərinin proqramını da açıqlayıb. Prezidentlər İlham Əliyev və Viktor Yuşşenko səfər çərçivəsində təkbətək və geniş tərkibdə görüşlər keçirəcək, siyasi, ticari-iqtisadi və mədəni sahədə ikitərəfli qarşılıqlı səmərəli əməkdaşlığa dair geniş fikir mübadiləsi aparacaqlar. Danışıqların yekunu olaraq Azərbaycan və Ukrayna Prezidentləri Şurasının Nizamnaməsinin qəbul olunması, Azərbaycanla Ukrayna arasında dostluq və strateji partnyorluq haqqında Bəyannamənin, informasiya texnologiyaları sahəsində əməkdaşlıq və dövlət xidmətinin inkişafı sahəsində əməkdaşlığa dair hökumətlərarası sazişlərin, Azərbaycanın Gənclər və İdman Nazirliyi və Ukraynanın Ailə Məsələləri, Gənclər və İdman Nazirliyi arasında 2008-2009-cu illərdə gənclər siyasəti və idman sahəsində əməkdaşlığı nəzərdə tutan Proqramın qəbul edilməsi nəzərdə tutulur. İki ölkənin Mədəniyyət və Turizm nazirlikləri arasında 2008-2012-ci illər üçün əməkdaşlıq haqqında Memorandum, Azərbaycan prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ilə Ukraynanın Qiymətli Kağızlar və Fond Bazarı üzrə Dövlət Komissiyası arasında qarşılıqlı anlaşma haqqında Memorandumun imzalanması da planlaşdırılır. Bundan əlavə, prezidentlər beynəlxalq xarakterli aktual məsələləri, o cümlədən GUAM çərçivəsində əməkdaşlığın intensivləşdirilməsini müzakirə edəcəklər.
Mayın 22-23-də Kiyevdə Azərbaycan, Ukrayna, Gürcüstan, Litva və Polşa prezidentlərinin təşəbbüsü ilə baş tutacaq enerji təhlükəsizliyi məsələləri üzrə sammitində isə 30 ölkənin hökumət nümayəndələri və işgüzar dairələrin təmsilçiləri iştirak edəcəklər. Sammitdə üç əsas məruzə dinləniləcək: “Odessa-Brodı-Plotsk” layihəsinin texniki-iqtisadi əsaslandırılmasının ilkin nəticələri və onun Qərb və Şərqə genişləndirilməsi; Ukrayna və qonşu ölkələrin neft məhsulları bazarının marketinq təhqiqatının nəticələri və Baltika-Qara dəniz-Xəzər dənizi bölgəsində açıq enerji məkanının formalaşması barədə Ukraynanın təklifləri. Sammitin birinci günü neft nəqlinə dair korporativ səviyyədə bir sıra sənədin imzalanması gözlənilir. Mayın 23-də sammitin plenar iclası, sənədlərin imzalanması və prezidentlərin birgə mətbuat konfransı olacaq. İmzalanma üçün “Qlobal enerji təhlükəsizliyin prinsipləri haqqında Kiyev deklarasiyası”, “Baltik-Qaradəniz-Xəzər dənizi enerji tranzit birliyinin yaradılmasının konsepsiyası” və “Odessa-Brodı” neft kəməri əsasında Avrasiya neft nəqli dəhlizi layihəsinin reallaşması ilə bağlı gələcək tədbirlər haqqında” sənədlər hazırlanıb.
Xatırladaq ki, Kiyev sammiti ötən il Krakov və Vilnüsdə keçirilmiş forumların davamıdır.


© APA 2018