Siyasət xəbərləri

Oqtay Əsədov Bolqarıstan prezidenti ilə görüşdə Azərbaycanda Bolqarıstan günlərinin keçirilməsini təklif edib

11:27 22-05-2008

Oqtay Əsədov Bolqarıstan prezidenti ilə görüşdə Azərbaycanda Bolqarıstan günlərinin keçirilməsini təklif edib

Bakı. Elbrus Seyfullayev APA. Bolqarıstanda səfərdə olan Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov bu ölkənin prezidenti Georgi Pırvanovla görüşüb.
Milli Məclisin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, G. Pırvanov Bolqarıstanın Azərbaycanla enerji sahəsində əməkdaşlığa böyük maraq göstərdiyini deyib. O, Avropa Birliyinin üzvü kimi Azərbaycanın bu quruma inteqrasiyasına yardım etməyə hazır olduqlarını bildirib: “Azərbaycanı maraqlandıran bütün məsələləri qurumda qaldırmağa və həll etməyə hazırıq”. O. Əsədov isə Azərbaycanın enerji istehsalı üzrə Avropada aparıcı yer tutduğunu söyləyib: “Gündəmdə olan Transxəzər qaz kəmərinin yaxın zamanlarda reallaşacağına inanırıq. Bundan əlavə, Xəzəryanı dövlətlərin Parlament Assambleyasının yaradılması da aktualdır”.
O. Əsədov hər iki ölkənin qarşılıqlı maraqlarını nəzərə alaraq Azərbaycanda Bolqarıstan günlərinin keçirilməsini təklif edib.
Milli Məclis sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstan parlamentinin sədri Georgi Prinski ilə də görüşüb. Bu görüşdə də Azərbaycan-Bolqarıstan münasibətlərinin inkişafı haqqında müzakirələr aparılıb. Spiker Sofiya şəhərində “Bakı” adlı küçənin olmasını yüksək qiymətləndirib. O, bolqarıstanlı həmkarını Azərbaycan parlamentinin 90 illiyinə həsr olunmuş tədbirlərə dəvət edib.


© APA 2018