Siyasət xəbərləri

Sərdar Cəlaloğlu Akif Şahbazovla Aydın Quliyevi məhkəməyə verib

18:11 14-02-2007

Sərdar Cəlaloğlu Akif Şahbazovla Aydın Quliyevi məhkəməyə verib
Azərbaycan Demokrat Partiyasının (ADP) IX Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu bu gün ədliyyə naziri Fikrət Məmmədova müraciət edib. ADP-nin mətbuat xidmətindən APA-ya daxil olan müraciətdə partiya Nizamnaməsinə görə qurultayın öz işinə başlamazdan ən azı 3 ay əvvəl Ali Məclis tərəfindən Təşkilat Komitəsinin yaradılması, Ali Məclis, həmçinin, MNTK-dan başqa digər orqanların buraxıldığı və bütün səlahiyyətlərin TK-ya verildiyi qeyd olunur. Partiya Ali Məclisinin yanvarın 27-də keçirilən iclasında TK-nin yaradıldığını və digər qurumların buraxıldığını bildirən S. Cəlaloğlu buna baxmayaraq, ADP-yə aidiyyəti olmayan Aydın Quliyev və Akif Şahbazovun təşəbbüsü ilə bir qrup şəxsin Ali Məclis adı altında fevralın 18-də iclas keçirməyə hazırlaşdığını bildirib. Müraciətdə S. Cəlaloğlu “Siyasi partiyalar haqqında” qanunun 10-cu maddəsinin və 15-ci maddəsinin 2-ci bəndinin pozulduğunu əsas gətirərək, TK sədri nazirdən səlahiyyəti olmayan şəxslərin ADP adından çıxış etməsinin və partiyanın qurumları adından toplantıların çağrılmasının qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsini xahiş edib.
S. Cəlaloğlu bu gün, həmçinin, A. Şahbazov və A. Quliyevlə bağlı müvafiq məhkəmələrə də müraciət edib. Müraciətdə TK sədri hər iki şəxsin özbaşına olaraq mətbuatda ADP adından danışaraq, partiyanın ictimai nüfuzuna ciddi xələl gətirən hərəkətlər etməsini qadağan edən qətnamə qəbul edilməsi tələb olunub. TK sədri partiya sənədlərini və möhürünü təhvil vermədiyi üçün Nəsimi rayon təşkilatının sədri Ağa Abduloğlu ilə bağlı da məhkəməyə müraciət edib.
A. Şahbazov isə APA-ya açıqlamasında bunu anormal addım kimi qiymətləndirib. Onun sözlərinə görə, S. Səlaloğu Ali Məclisin iclasının keçirilməsindən çəkindiyindən bütün vasitələrlə bu iclasın qarşısını almağa çalışır: “O qorxursa, deməli, partiyada dayaqları yoxdur, bunu özü də bilir. Bu kimi addımlar əlacsızlıqdan doğur, hamı bunun nəticəsini görəcək. Məhkəmə kimin haqlı olduğunu aydınlaşdıracaq”. /APA/


© APA 2018