Siyasət xəbərləri

İsrail Knessetinin üzvü İosif Şaqal: “Güclü diaspora strukturunun formalaşması Azərbaycan və İsrailə dövlət səviyyəsində ciddi işgüzar əlaqələr qurmağa imkan verəcək”

12:55 28-03-2007

İsrail Knessetinin üzvü İosif Şaqal: “Güclü diaspora strukturunun formalaşması Azərbaycan və İsrailə dövlət səviyyəsində ciddi işgüzar əlaqələr qurmağa imkan verəcək”

İsrailin şimalında yerləşən Kiryat-Byalik şəhərində Azərbaycandan olan yəhudilərin Ümumisrail Assosiasiyasının təsis yığıncağına hazırlıq məqsədilə regional toplantı keçirilib. APA-nın İsrail bürosunun məlumatına görə, toplantıya İsrailin 16 şəhərindən gəlmiş dağ yəhudiləri qatılıblar. Toplantıda assosiasiyanın fəaliyyətinin bəzi aspektləri geniş müzakirə olunub. Tədbirin təşkilatçısı, “Tıkvateynu” cəmiyyətinin rəhbəri Nexemiya Şirin Mixaeli çıxışında Azərbaycanı yəhudi xalqına hörmətlə yanaşan ölkə adlandırıb. “Azərbaycandan köçən yəhudilərin bir araya gəlməsi bir daha göstərir ki, biz bu ölkəni sevir və Azərbaycan üçün çox şey etmək istəyirik”. Knessetin üzvü İosif Şaqal Azərbaycandan olan yəhudilərin Ümumisrail Assosiasiyasının yaradılmasını vacib sayıb: “Əgər Azərbaycanda yəhudi icmasının normal həyatı üçün hər bir şərait yaradılıbsa, analoji şəraiti Azərbaycandan İsrailə köç edənlər üçün də yaratmaq üçün lazımdır. Bu, həmin insanların ənənə və adətləri qoruyub saxlamasına kömək edərdi. İki ölkənin yaxınlaşması və güclü diaspora strukturunun formalaşması Azərbaycan və İsrailə dövlət səviyyəsində ciddi işgüzar və mədəni əlaqələr qurmağa imkan verəcək”. /APA/


© APA 2018