Siyasət xəbərləri

Sabir Rüstəmxanlı DAK-da narazı qüvvələri barışdırmaq üçün qurum üzvlərinə müraciət edib

14:56 21-05-2008

Sabir Rüstəmxanlı DAK-da narazı qüvvələri barışdırmaq üçün qurum üzvlərinə müraciət edib

Bakı. Ramil Məmmədli - APA. Dünya Azərbaycanlıları Konqresi (DAK) sədrliyinə iddialı olan Sabir Rüstəmxanlı təşkilat daxilində barışıq yaratmaq məqsədilə qurum üzvlərinə müraciət edib. DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə S. Rüstəmxanlı təşkilatda müəyyən fikir ayrılıqlarının yaranmasını təbii sayıb: “Bu qurum dünyada yaşayan azərbaycanlıların, xüsusilə də İran adlanan ölkədə assimilyasiya siyasətinə məruz qalan 35 milyondan artıq Güney Azərbaycan türkünün hüquqlarını müdafiə etmək, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün yaradılıb”. Müraciətdə bildirilib ki, DAK-ın iyunun 6-8-də Almaniyada keçiriləcək növbədənkənar qurultayında yaranan böhranlı vəziyyət öz həllini tapacaq: “Bu qərar DAK İdarə Heyətinin 10 üzvünün Sabir Rüstəmxanlı, Adil Minbaşı, Səməd Fərtaş, Haide Bornak, Fəramərz Quluzadə, Mirəşrəf Fətiyev, Abuzər Bağırov, Rafiq Qafarov, Eldar Qaradağlı və Cavad Derəxtinin iştirak etdiyi toplantıda qəbul olunub”.
S. Rüstəmxanlı müraciətdə DAK-dakı bütün narazı tərəfləri qurultayda iştirak etməyə və qurumu dağılmaqdan qorumağa da çağırıb: “DAK-dan narazı qalan bütün tərəflərlə müxtəlif səviyyələrdə danışıqlar aparmışam və bir araya gəlmək üçün lazım olan bütün addımları atmış, güzəştlərə getmişəm. Buna baxmayaraq, qapılarımız hər kəsin üzünə hər zaman açıqdır”.


© APA 2018