Dunya xəbərləri

Tillerson Myanmara səfər edəcək

05:48 14-11-2017

Tillerson Myanmara səfər edəcək

ABŞ-ın dövlət katibi Reks Tillerson bu gün Filippinin paytaxtı Manilada Myanmarın faktiki lideri Aun San Su Çji ilə görüşəcək.

 

APA-nın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.

 

Bundan əvvəl R.Tillerson Myanmarın lideri ilə  ölkədəki böhranı müzakirə edib. Noyabrın 15-də Tllerson vəziyyətlə yerində tanış olmaq üçün Myanmara səfər edəcək.

 

Bu gün həmçinin ABŞ dövlət katibi Manilada BMT-nin baş katibi Antoniu Quterreş ilə görüşəcək. Filippinin paytaxtında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (ASEAN) sammiti keçirilir. 

 

Oktyabrın 23-də Dövlət Departamenti bəyanat yayaraq bildirib ki,  ABŞ Arakan bölgəsindəki vəziyyətlə əlaqədar Myanmar hökumətinə qarşı mümkün sanksiyalar tətbiqini nəzərdən keçirir. “Myanmar hökuməti və silahlı qüvvələri ölkədə sülh və təhlükəsizliyi təmin etmək üçün təxirəsalınmaz tədbirlər görməlidir”, bəyanatda qeyd olunub.

 

Bundan əvvəl bir qrup Konqres üzvü Tramp administrasiyasını Myanmara qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Konqresmenlər Myanmarda Rohinca müsəlmanlarına qarşı törədilən zorakı hadisələrə görə məsuliyyət daşıyan şəxslərə qarşı sanksiyaların tətbiqinə çağırıblar.

 

Xatırladaq ki, avqustun sonunda “Arakan Rohinca Qurtuluş Ordusu” qruplaşması ilə Myanma hökumət qüvvələri arasında baş verən toqquşmaların hərbi münaqişəyə çevrilməsi yüzlərlə dinc əhalinin qətlinə səbəb olub, minlərlə müsəlman-rohincanı ölkəni tərk etməyə məcbur edib. Beynəlxalq Miqrasiya Təşkilatının hesablamalarına görə, son bir neçə ay ərzində Myanmardan Banqladeş ərazisinə yüz minlərlə qaçqın keçib.



© APA 2017