Dunya xəbərləri

Tramp son dəfə İrana qarşı sanksiyaların aradan qaldırılmasına dair rejimi uzadıb

23:21 12-01-2018

Tramp son dəfə İrana qarşı sanksiyaların aradan qaldırılmasına dair rejimi uzadıb

ABŞ prezidenti Donald Tramp İrana qarşı sanksiyaların aradan qaldırılmasına dair rejimi sonuncu dəfə uzadıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ administrasiyasının nümayəndəsi bəyan edib.

 

O qeyd edib ki, bundan sonra rəsmi Vaşinqton tərəfdaşları ilə birgə İranın nüvə proqramına dair sazişə dəyişikliklər üzərində işləyəcək.

 

“Danışıqların uğurla başa çatdığı təqdirdə, ABŞ sazişin iştirakçısı qismində qalacaq”, deyə ABŞ rəsmisi vurğulayıb. Bununla belə, danışıqlarda İran rəsmilərinin iştirakı nəzərdə tutulmur.

 

İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və "altılıq ölkələri" - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir.



© APA 2018