Dunya xəbərləri

İranın Gilan əyalətində H5N6 virusu aşkarlanıb

15:47 14-02-2018

İranın Gilan əyalətində H5N6 virusu aşkarlanıb

İranın Gilan əyalətində H5N6 "quş qripi" virusu aşkarlanıb. 

 

APA-nın Tehran bürosunun məlumatına görə,  hazırda bölgədə gücləndirilmiş tədbirlər görülür.  
 

İran Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəliklərin İdarə olunması Mərkəzinin rəhbəri Məhəmməd Mehdi Quya Gilan əyalətində vəhşi və köçəri quşlar arasında ölüm hallarının olduğunu təsdiqləyib. “Aparılmış araşdırmalar göstərir ki, bu, H5N6 “quş qripi” virusudur və öncəki virusdan fərqlidir. Ötən bir neçə il ərzində ölkədəki quşçuluq  müəssisələrində H5N8 “quş qripi” virusu aşkarlanıb və bu, çoxlu sayda quşun tələf olmasına səbəb olub”. 
 

M. Quya deyib ki, Çində insanlar da bu virusa yoluxub. O qeyd edib ki, bu virus əvvəlkindən də güclüdür. Onun sözlərinə görə, bu virusla daha ciddi mübarizə aparılır. “Quşlarla ünsiyyətdə olan bütün şəxslər nəzarətə götürülüb, vaksinasiya olunub, onlara dərman verilib. Sevindirici haldır ki, indiyədək heç birində xəstəliyin əlamətləri müşahidə olunmayıb”.

 

Bu gün İran kənd təsərrüfatı naziri Mahmud Höccəti yeni “quş qripi” virusu ilə əlaqədar əhaliyə müraciət edib. O qeyd edib ki, bu virusa yoluxmuş köçəri quşlar Tehranın “Xəlic Fars” gölündə aşkar edilib və qabaqlayıcı tədbirlər görülüb.



© APA 2018