Dunya xəbərləri

Çavuşoğlu: "ABŞ dövlət katibi vəzifəsini kim tutacağının bizim üçün fərqi yoxdur”

14:15 14-03-2018

Çavuşoğlu:

"Türkiyə Suriyanın ərazi bütövlüyünü dəstəkləyir".

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında bildirib. 


O deyib ki, Suriyanın ərazi bütövlüyü həm Türkiyə, həm də Rusiya üçün önəmlidir: "Məqsədimiz Suriyanın Afrin bölgəsindən terrorçuların çıxarılmasıdır. YPG-yə ABŞ-ın silah yardımı etməsi qəbuledilməzdir”.
 

M. Çavuşoğli ölkəsinin ABŞ-la münasibətlərinə və dövlət katibi Reks Tillersonun vəzifəsindən uzaqlaşdırılmasına da münasibət bildirib: "Tillerson Türkiyə-ABŞ münasibətlərinin çətin dövründə vəzifəsindən getdi. Biz onunla həqiqətən çox çətin şəraitdə işləyirdik. Lakin bütün bunlara baxmayaraq, biz ABŞ-la dialoqu davam etdiririk. Bizim üçün fərqi yoxdur ABŞ dövlət katibi vəzifəsini kim tutacaq. Biz ABŞ-la əməkdaşlığı davam etdirmək marağındayıq”.

 

Nazir qeyd edib ki, dövlət katibinin dəyişməsi martın 19-da Vaşinqtonda Türkiyə və ABŞ xarici siyasət idarələri rəhbərlərinin görüşünün keçirilməsini sual altında qoyur: "Bizim nazirlik və ABŞ-dakı səfirliyimizin nümayəndələri Dövlət Departamenti ilə müntəzəm təmasdadırlar. Hesab edirəm ki, bu gün-sabah görüşün tarixi məlum olacaq".



© APA 2018