Dunya xəbərləri

Türkiyə və ABŞ arasında viza problemi həll olunub - YENİLƏNİB

18:28 28-12-2017

Türkiyə və ABŞ arasında viza problemi həll olunub - YENİLƏNİB

ABŞ-ın Türkiyədəki səfirliyi Türkiyə vətəndaşları üçün viza xidmətlərinin bərpa edilməsi ilə bağlı açıqlama yayıb. 
 
APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, ABŞ səfirliyinin yaydığı açıqlamada bildirilir ki, Türkiyə vətəndaşlarına viza xidmətləri yenidən başlanacaq. 
 
Açıqlamada Türkiyə hökuməti tərəfindən ABŞ-a müəyyən təminatlar veridiyi qeyd edilib: “Oktyabr ayından indiyə qədər Türkiyə hökuməti Türkiyədəki missiyalarımızdakı əməkdaşlarla bağlı bir istintaq aparılmadığını, səfirlik və konsulluqlardakı yerli əməkdaşlarımızın rəsmi vəzifələrini yerinə yetirdikləri zaman saxlanılmayacağı və həbs edilməyəcəyinə dair yüksək səviyyədə verdiyi təminata sadiq qalıb. Eyni zamanda, gələcəkdə Türkiyə hökuməti yerli əməkdaşlarımızdan hər hansı birini saxlamaq və ya həbs etmək istədikdə Türkiyə rəsmilərinin öncədən ABŞ hökumətini məlumatlandıracaqları da qeyd edilib. Bu qarantiyalara sadiq qalınması ilə əlaqədar ABŞ Dövlət Departamenti təhlükəsizlik durumunun Türkiyədə viza xidmətlərinin yenidən başladılmasına yetəcək səviyyədə olduğuna inanmaqdadır. Bununla yanaşı, Türkiyədə həbs olunmuş əməkdaşlarımızla bağlı iddialardan ciddi narahatlıqlarımız davam etməkdədir. Eyni şəkildə, fövqəladə vəziyyət rejimində ABŞ vətəndaşları ilə bağlı məhkəmə prosesləri ilə əlaqədar qayğılarımız da qalmaqdadır. ABŞ rəsmiləri bu məhkəmə proseslərinin müsbət formada həllini tapması üçün türkiyəli rəsmilərlə müzakirələri davam etidirəcək”. 

 

***

 

Saat 18:00

 

Türkiyə və ABŞ arasında viza böhranı həllini tapıb.

 

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, ABŞ-ın Türkiyədəki səfirliyi viza üçün müraciətlərin qəbuluna dair məhdudiyyətləri aradan qaldırıb.

 

ABŞ səfirliyinin yaxın saatlarda viza böhranının tamamən aradan qaldırılmasına dair açıqlama yayması gözlənilir.

 

Qeyd edək ki, ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzun FETÖ ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilməsi ilə əlaqədar ABŞ-ın Türkiyədəki səfirliyi oktyabrın 8-də Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna cavab olaraq oktyabrın 9-da Türkiyənin ABŞ-dakı səfirliyi ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb.



© APA 2018