Dunya xəbərləri

Gürcüstanın sabiq prezidenti Zviad Qamsaxurdiyanın cəsədinin qalıqları martın 31-də Qroznıdan Tiflisə gətiriləcək

12:48 05-03-2007

Gürcüstanın sabiq prezidenti Zviad Qamsaxurdiyanın cəsədinin qalıqları martın 31-də Qroznıdan Tiflisə gətiriləcək
Gürcüstanın ilk prezidenti Zviad Qamsaxurdiyanın Qroznı yaxınlığında aşkarlanan cəsədinin qalıqları Tiflisdə torpağa tapşırılacaq. APA-nın məlumatına görə, cəsədin qalıqlarının Gürcüstana sabiq prezidentin ad günündə - martın 31-də kimi gətirilməsi gözlənilir. Bununla əlaqədar yaradılmış xüsusi dövlət komissiyası dəfn mərasimi ilə bağlı Zviad Qamsaxurdiyanın ailə üzvləri ilə məsləhətləşmələrə başlayıb. Sabiq prezidentin xanımı Manana Arçvadze ilə danışıqlardan sonra Tiflis merinin müavini Mamuka Axvlediani Qroznıya xüsusi nümayəndə heyətinin göndəriləcəyini bildirib. Nümayəndə heyətinin tərkibinə Zviad Qamsaxurdiyanın ailə üzvləri, Tiflis meriyasının və Gürcüstan Xarici İşlər Nazirliyinin nümayəndələri daxil olacaq. Bundan başqa heyətə məhkəmə-tibb ekspertiza qrupu da daxil edilib. Cəsədin qalıqları Tiflisə gətirildikdən sonra DNK testi aparılacaq. Hələlik Qamsaxurdiyanın dəfn olunacağı yer dəqiqləşməyib. Sabiq prezidentin oğlu Georgi Qamsaxurdiya cəsədin qalıqlarının DNK testindən keçirilməsini vacib sayıb. “Biz əmin olmalıyıq ki, tapılan cəsəd atamındır. Bundan başqa analizlər atamın ölümünü səbəbini də dəqiqləşdirməyə imkan verəcək”. Qeyd edək ki, Zviad Qmasaxurdiya 1991-1992-ci illərdə Gürcüstana rəhbərlik edib. 1992-ci ilin fevralında baş verən vətəndaş müharibəsi zamanı Qamsaxurdiya ölkəni tərk edərək bir müddət Qroznıda yaşayıb. Növbəti bir il ərzində onun Gürcüstanda siyasi hakimiyyəti güc yolu ilə ələ keçirmək cəhdləri iflasa uğrayıb və Zviad Qamsaxurdiya Gürcüstanın qərbində dağlıq ərazidə gizlənmək məcburiyyətində qalıb. 1993-cü il dekabrın 31-də Qamsaxurdiya sığınacaq tapdığı Çalencixsk rayonunun Cixaşxari kəndində özünü güllələyərək intihar edib. 1994-cü ilin fevralında ailəsinin təkidi ilə Zviad Qamsaxurdiyanın cəsədi Qroznıya gətirilərək orada dəfn olunub. /APA/


© APA 2018