Dunya xəbərləri

İrəvanda etirazçılar mərkəzi küçələri bağlayırlar - YENİLƏNİB

00:12 17-04-2018

İrəvanda etirazçılar mərkəzi küçələri bağlayırlar - YENİLƏNİB

İrəvanda etirazçılar mərkəzi küçələri bağlayırlar.

 

APA-nın “news.am”a istinadən verdiyi xəbərə görə, müxalifət fəalları artıq bir neçə küçə və prospekti bağlamağa müvəffəq olublar.

 

Məlumata görə, müxalifətçilərlə sürücülər arasında ara-sıra münaqişələr yaşansa da, toqquşmalar müşahidə olunmur. “Mülki Müqavilə” partiyasının lideri Nikol Paşinyan qeyd edib ki, təmsil etdiyi qurum vəziyyətə nəzarət etmir, fəallar sərbəst olaraq davranırlar. Parlament binasının yaxınlığına çox sayda polis cəlb olunub.

 

Bundan əvvəl N.Paşinyan etirazçıların aprelin 17-ə olan hərəkət planını açıqlayıb. O bildirib ki, ölkənin baş nazirini seçmək üçün iclasın qarşısını almaq məqsədilə parlamentin yaxınlığında bütün küçələrin bağlanmasına cəhd edəcəklər.  

 

Qeyd edək ki, aksiya Serj Sarkisyanın baş nazir təyin olunmasına etiraz məqsədilə keçirilir.

 

 

***

 

20:50

 

“Elk” fraksiyasının lideri Nikol Paşinyan etirazçıları Ermənistan parlamentin binasına aparan bütün giriş və çıxışları bağlamağa çağırıb.

 

APA-nın “Sputnik-Armeniya”ya istinadən verdiyi xəbərə görə, bu barədə N.Paşinyan Fransa meydanında keçirilən mitinqdə deyib.

 

O, aksiyanın daha irimiqyaslı şəkildə keçirilməsi üçün şəhər və kəndlərdə əsas avtomobil yollarını bağlamağa çağırıb. Etirazçılar Fransa meydanında gecələməyə qərar veriblər.

 

Qeyd edək ki, bu gün İrəvanda keçirilən aksiyada polislə qarşıdurma nəticəsində xəsarət alanların sayı 46 nəfərə çatıb. Onlardan 6-nın polis əməkdaşı olduğu bildirilir. Kütləvi aksiya Serj Sarkisyanın baş nazir təyin olunmasına etiraz məqsədilə keçirilir.



© APA 2018