Hərbi xəbərlər

Azərbaycanın milli təhlükəsizlik naziri Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədrini qəbul edib

19:54 02-10-2009

Azərbaycanın milli təhlükəsizlik naziri Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədrini qəbul edib

Bakı – APA. Azərbaycanın milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov ölkəmizdə rəsmi səfərdə olan Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri, general-leytenant Amangeldi Şabdarbayevi qəbul edib.

Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, görüşdə tərəflər arasında transmilli mütəşəkkil cinayətkarlıq, hazırda ən aktual problem olan terrorçuluqla mübarizə sahəsində görülən işlər, narkotiklərin qanunsuz dövriyyəsi, miqrasiya prosesləri və bundan irəli gələn məsələlər müzakirə edilmiş, həmçinin enerji və Xəzər hövzəsi bioresursların təhlükəsizliyi ilə bağlı fikir mübadiləsi aparılıb, Azərbaycan və Qazaxıstan xüsusi xidmət orqanları arasında bütün bu sahələr üzrə informasiya və ekspert mübadiləsinin intensivləşdirilməsinin vacibliyi qeyd olunub.

Eldar Mahmudov mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər, beynəlxalq terrorçuluqla mübarizə sahəsində, ümumən təhlükəsizlik problemləri ilə əlaqədar Azərbaycanın həyata keçirdiyi tədbirlər, habelə Ermənistan-Azərbaycan münaqişəsinin doğurduğu, eləcə də onun nəticəsində yaranmış nəzarət olunmayan ərazilərin mövcudluğundan irəli gələn fəsadlar barədə ətraflı məlumat verib.

Öz növbəsində Amangeldi Şabdarbayev hər iki ölkənin təhlükəsizlik maraqlarının təmin olunması sahəsində aktuallıq kəsb edən məsələlər ətrafında aparılan müzakirələrin nəticələrindən razı qaldığını bildirib, Qazaxıstan və Azərbaycan, həmçinin müvafiq strukturlar arasında münasibətlərin inkişafından məmnun olduğunu qeyd edib.

İşgüzar və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə tərəfləri maraqlandıran digər məsələlər üzrə də fikir mübadiləsi aparılıb.


© APA 2018