Hərbi xəbərlər

“Dəniz Kuboku-2017”nin yekunları ilə bağlı mətbuat konfransı keçirilib

13:40 11-08-2017

“Dəniz Kuboku-2017”nin yekunları ilə bağlı mətbuat konfransı keçirilib

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Beynəlxalq Ordu Oyunları – 2017” çərçivəsində Bakıda təşkil edilən “Dəniz Kuboku - 2017” beynəlxalq yarışlarının yekunları ilə bağlı mətbuat konfransı keçirilib.

 

APA-nın xəbərinə görə, yarışların baş hakimi, birinci dərəcəli kapitan Şahin Məmmədov deyib ki, avqustun 1-dən 11-dək Bakıda keçirilən “Dəniz Kuboku – 2017” yarışlarında Azərbaycan, Rusiya, İran və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin gəmi heyətləri iştirak edib. O bildirib ki, gərgin keçən mübarizə şəraitində Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin (HDQ) “G-124” gözətçi gəmisi və Rusiya Hərbi Dəniz Donanmasının “Qrad Sviyajsk” kiçik raket gəmisinin heyətləri yekunda 246 bal toplayaraq müsabiqənin qalibi olublar: “İran Hərbi Dəniz Qüvvələrinin “Cövşən” raket kateri 234 balla ikinci və Qazaxıstan HDQ-nin “Sarıarka” raket-artilleriya gəmisi isə 227 balla üçüncü yerləri tutublar”. 

 

Yarışların tam təhlükəsiz şəraitdə baş tutduğunu vurğulayan Ş. Məmmədovun sözlərinə görə, “Dəniz Kuboku – 2017” yarışları 3 mərhələdə - artilleriya atəşlərinin yerinə yetirilməsi, gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı və dəniz hazırlığı üzrə keçirilib.

 

Baş hakim qeyd edib ki, yarışlara müşahidəçi qismində Türkiyə, Səudiyyə Ərəbistanı və Bəhreyn silahlı qüvvələrinin nümayəndələri qatılıblar.

 

Rusiya nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Sergey Ekimov deyib ki, yarışların yekunları ilə bağlı dekabrın 10-da Moskva şəhərində iclas keçiriləcək: “Həmin iclasda növbəti “Dəniz kuboku” müsabiqəsinin hansı ölkənin ərazi sularında keçiriləcəyi, iştirakçıların siyahısı, habelə müsabiqəyə əlavə elementlərin daxil edilib - edilməməsi ilə bağlı məsələlər yekun iclasda müzakirə olunacaq. Qeyd etməliyəm ki, yarışlarda qalibiyyət simvolik xarakter daşıyır. Əsas odur ki, “Dəniz kuboku -2107” müsabiqəsində dostluq qalib gəldi. Biz “Əlvida, Bakı” yox, “Sağ ol, Bakı” deyərək Bakıdan ayrılırıq”.

 

Qazaxıstan nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Ermek Bayqabulov və İran nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Seydi Mahmud Amuzeş yarışlarda böyük təcrübə qazandıqlarını ifadə ediblər. Onlar yarışları yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan Müdafiə Nazirliyinə təşəkkürlərini bildiriblər.

 

Mətbuat konfransının sonunda jurnalistlərin sualları cavablandırılıb.

 

Qeyd edək ki, “Dəniz Kuboku - 2017”də 300-ə yaxın şəxsi heyət iştirak edib. Müsabiqənin yüksək səviyyədə keçirilməsi üçün liman körpüləri, təlim-məşq kompleksləri və digər təlim mərkəzləri tam hazır vəziyyətə gətirilib. “Dəniz Kuboku - 2017”də Azərbaycan Hərbi Dəniz Qüvvələri G-124, G-122 gözətçi gəmiləri, Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyası “Qrad Sviyajsk” kiçik raket, “CB-45” xilasetmə yedək gəmisi, İran Hərbi Dəniz Qüvvələri “Peykan” və “Cövşən” raket katerləri və Qazaxıstan Hərbi Dəniz Qüvvələri “Qazaxıstan” və “Sarıarka” raket-artilleriya və “Jayık” hidroqrafiya gəmiləri iştirak edib.

 

Xatırladaq ki, iyulun 29-dan avqustun 12-dək 5 ölkə - Azərbaycan, Belarus, Qazaxıstan, Çin və Rusiya ərazisində keçiriləcək “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarında Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edirlər.



© APA 2017