Hərbi xəbərlər

Müdafiə naziri Türkiyənin Hərbi Hava Qüvvələrinin komandanı ilə görüşüb

13:06 30-11-2017

Müdafiə naziri Türkiyənin Hərbi Hava Qüvvələrinin komandanı ilə görüşüb

Noyabrın 30-da müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüz ilə görüşüb.

 

Müdafiə Nazirliyindən APA-ya bildirilib ki, H. Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı, Şəhidlər xiyabanını ziyarət edib. 

 

Müdafiə Nazirliyində geniş tərkibdə keçirilən görüşdə Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişafı, eləcə də Hərbi Hava Qüvvələri arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.
 

İki qardaş dövlətin rəhbərləri və xalqlarımız tərəfindən daim dəstəklənən Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının genişləndirilməsinin vacibliyinin vurğulandığı görüşdə təcrübə mübadiləsi məqsədilə hərbi mütəxəssislərdən ibarət  ekspert qruplarının qarşılıqlı səfərlərinin, eləcə də Quru Qoşunları, o cümlədən Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçirilən birgə təlimlərin sayının artırılması və maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.



© APA 2018