Hərbi xəbərlər

Müdafiə nazirinin müavini: “Düşmən hər neqativ haldan bizə qarşı istifadə edir”

13:36 15-12-2017

Müdafiə nazirinin müavini: “Düşmən hər neqativ haldan bizə qarşı istifadə edir”

Müdafiə Nazirliyinin şəxsi heyət üzrə müavini, general-leytenant Kərim Vəliyev Milli Məclisin bu gün keçirilən iclasında “Silahlı Qüvvələr haqqında” yeni qanun layihəsi ilə bağlı deyilənlərə münasibət bildirib.

 

APA-nın məlumatına görə, K. Vəliyev qeyd edib ki, ötən dəfə müzakirələr zamanı deputat Qüdrət Həsənquliyev Tərtərdə hərbi hissələrin birində baş verən özbaşınalıqla bağlı məsələyə toxunub.

 

“Bu məsələ dərhal bütün mediada yayılmağa başladı. Mən məlumat əldə edən kimi dərhal Qüdrət müəllimlə telefon vasitəsilə əlaqə saxladım. Onun özü də bu məlumatın getməsinə təəccübləndi. Bildirdi ki, media onun nə vaxtsa səsləndirdiyi fikirləri işıqlandırıb. Ordu haqqında nəsə deyəndə diqqətli olmalıyıq. Bu, həssas məsələdir. Müharibə şəraitindəyik. Hər neqativ haldan düşmən təbliğatında bizə qarşı işlənilir. Bizdə ictimai nəzarət də var. Bir sıra şəxslər, deputatlar gəlib ordudakı şəraitlə tanış olurlar. Kim müraciət edirsə, onu qəbul etməyə hazırıq. 50-dən çox akkreditə olunmuş jurnalist var. Lazım olanda onlar ön cəbhədə çəkiliş edirlər. Ombudsman Aparatı, Baş Prokurorluq da Silahlı Qüvvələrə nəzarət edir”, - deyə K. Vəliyev bildirib.

 

Generala reaksiya verən spiker Oqtay Əsədov onu narahat olmamağa çağırıb: “Cənab general, unutmaq lazım deyil ki, burada tənqidi fikir səsləndirən hər deputat Azərbaycan Ordusundakı hər məsələyə görə özünü məsuliyyətli sayır, cavabdeh hesab edir. Düzdür, Milli Məclisdə çıxışlar var. İndi Qüdrət müəllimin çıxışını araşdıraq. Bəzən jurnalistlər  məsələni kontekstdən çıxarıb yayırlar. Tənqid həmişə olur”.



© APA 2018