Hərbi xəbərlər

Polkovnik-leytenant Raquf Orucovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

18:07 10-07-2017

Polkovnik-leytenant Raquf Orucovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində ötən ilin aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

 

APA-nın xəbərinə görə, tədbir Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi və "ASAN Könüllüləri"nin təşkilatçılığı ilə baş tutub.
 
Tədbirdə "ASAN Xidmət"in rəhbərliyi, R. Orucovun ailə üzvləri, gənclər iştirak edib.
 
Tədbir zamanı jurnalistlər Elşən  Əliyev və Elxan Salahovun həmmüəllifləri olduqları, R. Orucovdan bəhs edən "Murov qartalı” kitabının təqdimatı keçirilib, şəhid polkovnik-leytenant haqda film nümayiş etdirilib.
 
“ASAN Radio” Departamentinin müdiri Emin Musəvi bildirib ki, R. Orucov cəbhənin ən çətin yerində - Murovdağda kəşfiyyatçı kimi igidliklər göstərib: "Bu igidliklər hələ onun sağlığında haqqında əfsanələrin yaranmasına səbəb olub. Raquf çox təvazökar insan idi. O, igidlikləri, qəhrəmanlığı norma kimi qəbul edirdi".
 
E. Musəvi deyib ki, gənclərdə vətənpərvərlik hissinin formalaşması istiqamətində silsilə tədbirlər davam etdiriləcək. O bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsi və Qarabağ döyüşlərin şəhid olmuş qəhrəmanlar haqda ətraflı məlumatın verilməsidir.
 
Tədbir çıxışlarla davam etdirilib.



© APA 2017