Hərbi xəbərlər

Müdafiə Nazirliyi iyun ayında 40-dək tədbir keçirib

10:29 10-07-2018

Müdafiə Nazirliyi iyun ayında 40-dək tədbir keçirib

2018-ci il üçün tədbirlər planına əsasən iyun ayında Müdafiə Nazirliyi tərəfindən dövlət, yerli və xarici qeyri-hökumət təşkilatları, icra hakimiyyəti strukturları, təhsil müəssisələri, ictimai qurumlar ilə birgə bir sıra tədbir və layihələr həyata keçirilib, eləcə də müxtəlif televiziya kanalları və informasiya agentlikləri nümayəndələrinin cəbhəboyu zonaya səfərləri təşkil olunub.
 
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ötən ay ərzində Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Kəlbəcər, Xocavənd, Beyləqan, Qusar, Füzuli, Şəmkir, Gədəbəy, Goranboy, Qazax, Tovuz, Bərdə, Tərtər, Göyçay, Bakının Nəsimi, Suraxanı, o cümlədən Gəncə şəhər icra hakimiyyətləri ilə birgə cəbhə bölgələri də daxil olmaqla, müxtəlif hərbi hissələrdə, həmçinin xüsusi təyinatlı hərbi təhsil müəssisələrində, Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində, Gəncə Qarnizonu Zabitlər Evində, Hərb Tarixi Muzeyində, Respublika Veteranlar Təşkilatında hərbi-vətənpərvərlik mövzusunda 40-dək tədbir keçirilib. 
 
Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Ordusunun yaradılmasının 100 illiyi, Milli Qurtuluş Günü münasibətilə keçirilən müxtəlif tədbirlərdə, eləcə də milli qəhrəmanlarımızın, şəhidlərimizin əziz xatirələrinə həsr olunan mərasimlərdə şəxsi heyət, şəhid ailələrinin üzvləri, müharibə veteranları, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, tələbələr, məktəblilər və digərləri yaxından iştirak ediblər.
                      

Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci tədris ilinə hazırlıq planına əsasən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyi tərəfindən beynəlxalq humanitar hüquq üzrə seminar keçirilib. Müdafiə Nazirliyi ilə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi tərəfindən “Hərbi vətənpərvərlik: Silahlı Qüvvələrimiz və milli-mənəvi dəyərlərimiz” mövzusunda konfrans təşkil olunub. 



© APA 2018