Hərbi xəbərlər

APA “Vətənpərvərliyin təbliğində KİV-in rolu: mövcud vəziyyət və problemlər” mövzusunda debat keçirib - FOTOSESSİYA

13:48 25-09-2009

APA “Vətənpərvərliyin təbliğində KİV-in rolu: mövcud vəziyyət və problemlər” mövzusunda debat keçirib - FOTOSESSİYA

APA İnformasiya Agentliyi Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun dəstəyi ilə «Hərbi vətənpərvərlik şüurunun formalaşmasında KİV dəstəyi» adlı layihə çərçivəsində növbəti debatını keçirib.
“Vətənpərvərliyin təbliğində KİV-in rolu: mövcud vəziyyət və problemlər” mövzusunda keçirilən debatda hərbi jurnalist, araşdırmaçı Şəmistan Nəzirli, Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev, Müdafiə Nazirliyinin «Azərbaycan Ordusu» qəzetinin baş redaktoru, polkovnik-leytenant İsa İsmayılov, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, APA agentliyinin baş direktoru Vüsalə Mahirqızı, Lent.az portalının baş redaktor müavini Gülşən Hacıyeva, layihənin koordinatoru Rəşad Süleymanov və Ramil Məmmədli iştirak ediblər.
Rəşad Süleymanov: KİV-in hərbi-vətənpərvərlik tərbiyəsinin təşkilində danılmaz rolu olmasına baxmayaraq, gündəlik mətbuatda, eləcə də televiziya kanallarında hərbi mövzuya çox az yer ayrılır. Layihə çərçivəsində keçirdiyimiz debatda da məhz KİV-in vətənpərvərlik tərbiyəsinin təşkilində roluna toxunmağı qərara aldıq. KİV-in hərbi-vətənpərvərlik ruhunun formalaşdırılmasında imkanları böyük olsa da, nədən bu potensialdan istifadə olunmur? Sizin bununla bağlı fikirlərinizi bilmək istərdik.
Şəmistan Nəzirli: Müharibədə tək silahla deyil, həm də ideya və qələmlə döyüşmək lazımdır. Vətəndaş, hərbiçi öz xalqının savaş tarixini bilmirsə, qəhrəmanlarını tanımırsa, onun üçün savaşmaq çətin olacaq. SSRİ zamanında bizə elə təlqin edirdilər ki, guya hərb tariximiz yoxdur. O zaman cəmi iki generalımızı - Səməd bəy Mehmandarov və Əliağa Şıxlınskini tanıyırdıq. Halbuki çar Rusiyası və müstəqillik dövründə 69 generalımız olub. Onlar barədə də ziddiyyətli məlumatlara sahib idik. Biz hərb tariximizin bu məqamlarını öyrənməli, tədqiq edib KİV vasitəsi ilə cəmiyyətə çatdırmalıyıq. İndiki gənclərdə hərb sahəsinə maraq var. Mətbuatda da müəyyən dərəcədə bu mövzu işıqlanır. Amma problemlərimiz də çoxdur.
İsa İsmayılov: Hərbi vətənpərvərlik mövzusu ilə bağlı işlər görmək kütləvi informasiya vasitəsi olaraq bizim birbaşa vəzifəmizdir. Təəssüflər olsun ki, hərb tarixi ilə bağlı yazılar yazılarkən, həmin illərdə olan hərbi proseslər təhrif olunur, yaxşıların üstündən keçilir. Məsələn, biz 100 ildir, sübut etməyə çalışırıq ki, Qafqazda erməni dövləti olmayıb. Amma “Pompeyin Azərbaycana yürüşü” əsərində yazılır ki, eramızdan əvvəl Pompey Ermənistandan keçərək Azərbaycanı işğal etdi. Mənə görə həmin məqam əsərdə olan müsbət ideyaların üstündən xətt çəkir. KİV-də gedən yazılarda da belə məqamlar var. Çox vaxt hərbçilər barədə mənfi məqamlar önə çəkilir. Digər tərəfdən, bu gün Müdafiə Nazirliyi səviyyəsində, eləcə də Ali Baş Komandanın iştirakı ilə müxtəlif tədbirlər keçirilir. Həm prezident, həm NATO, həm də ABŞ komandanlığı tərəfindən mükafatlandırılan hərbiçilərimiz var. Biz qəzetimizdə və ölkədə nəşr edilən qəzetlərə də bu mövzuda yazılar veririk. Digər tərəfdən, Azərbaycan Ordusunun keçirdiyi uğurlu əməliyyatlar haqqında mətbuatımızda heç nə yazılmır. Bəzi mətbuat orqanlarını heç bir formada yola gətirə bilmirik ki, ayda bir dəfə xidmətində fərqlənmiş əsgərlər barədə yazılar yazılsın, əsgər obrazı yaradılsın. Hərbi xidməti təbliğ edən yazılara çox az rast gəlinir. Düzdür, orduda da cəmiyyətdə olduğu kimi fərqli düşüncəli insanlar var. Amma orduda gözəl ideyalara xidmət edən, mükafatlandırılan hərbiçilərimiz çoxdur. Lakin qəzetlərimiz belələri haqqında yazı vermir. Məsələn, ordunun yaradılmasının 91-ci ildönümü ilə bağlı böyük təlim keçirildi. Qəzetləri izlədik, amma həmin təlimdə mükafatlandırılan hərbiçilərdən birinin şəklinə rast gəlmədik. Fikrimcə, əsgər obrazını qəzetlərində işıqlandırmaq üçün qəzetlərə stimul vermək lazımdır.
Şəmistan Nəzirli: Mənim fikrimcə, bu qəhrəmanlar haqqında oçerklər yazılmalı, broşur şəklinə salınmalı və paylanmalıdır. Bu millət, xalq orduda qulluq edən nümunəvi əsgərini tanımalıdır. Böyük Vətən Müharibəsi illərindəki təcrübədən istifadə edilməlidir. Qeyd olunduğu kimi, qəzetlər bu məsələdə passivlik nümayiş etdirirlər. Olmazmı ki, qəzetlərin hər sayında hərb tariximizdən, eləcə də bir qəhrəman əsgər barədə yazı verilsin? Ən azı bir zabitin portreti verilməlidir ki, cəmiyyət onun necə qulluq etdiyini görsün.
Ramil Məmmədli: Doğurdanmı, bizə hələ də Motrosovlar lazımdır?
İsa İsmayılov: Bu gün də Azərbaycan Ordusunda özünü düşmənin gülləsinin qarşısına atan, komandirini öz həyatı bahasına xilas edən döyüşçülərimiz var. Bəzi hadisələr dövlət sirri olduğundan açıqlamaq olmur. Mübaliğəsiz deyə bilərəm ki, Motrosov və digərləri bizim əsgərlərin yanında heç nədir.
Teymur Abdullayev: Bu gün dünyada hərbi əməliyyatlarla birgə informasiya müharibəsi də aparılır. İnformasiya sahəsində qalib gəlməyən ölkə digər ölkəyə qarşı hər hansı hərbi müdaxilə edə bilməz. Bu baxımdan da informasiya müharibəsinin aparılmasına məsuliyyət KİV-in, televiziya kanallarının, informasiya agentliklərinin və qəzetlərin üzərinə düşür. Bu gün Azərbaycanda KİV qarşısında duran məsələ məlumatlandırma, maarifləndirmə və əyləndirmədir. Nədənsə maarifləndirmə bir qədər zəifdir. Gəlin həqiqəti danışaq. Azərbaycanda 18 yaşına qədər hərbi xidmətə gedən əsgərə hərbi vətənpərvərlik ruhunu aşılaya bilmirik. Təəssüf ki, kimlərinsə şücaətindən misal çəkməklə, hərbi vətənpərvərlik ruhunu yaratmaq olmur. Reallıqda internet və televiziya vasitəsilə hərbi vətənpərvərlik ruhunu daha çox təlqin etmək olar. Məsələn, Türkiyədə bir şəhidə olan diqqət insanda fərqli hiss yaradır. Televiziyalar bu prosesə necə yanaşırlar? Sanki millət bu hadisə ilə nəfəs alır. Bizdə isə KİV-də şəhidlərə olan münasibət anlaşılan deyil. Məsələn, atəşkəs dövrü olsa da, atışma nəticəsində əsgərlərimizdən biri şəhid olur. Qəzetlərin başlıqlarına diqqət yetirin “Azərbaycan Ordusu daha bir əsgərini itirdi”. Bunu belə yazmaq olmazmı ki, “Azərbaycan Ordusunun əsgəri qəhrəmancasına şəhid olub” və yaxud başqa şəkildə... Yəni bunun formalarını tapmaq olar. Əsgərimizin şəhid olmasını aşağılayıcı şəkildə təqdim etmək düzgün deyil. Mətbuat bu məsələdə kifayət qədər diqqətli olmalıdır. Burada hamının üzərinə məsuliyyət düşür. Xüsusilə də bizim üzərimizə. KİV-lər özləri də təkmilləşdirilmiş informasiya siyasəti həyata keçirməlidir. Konkret olaraq elə metodlar seçilməlidir ki, bu informasiya yeniləşən Azərbaycanda insanlara təsir etsin. Televiziyalarda hərbi vətənpərvərlik mövzusunda verilişlərə baxan gənclər oradan nə isə götürə bilsin. Telekanalların bir çoxunda əsgər verilişləri var. Silahı təqdim edirlər, onun texniki xarakteristikası barədə danışırlar. Bunun mənası nədir? Axı bu hərbi vətənpərvərlik ruhunu təbliğ etmir. Əsgərimiz olub ki, düşmənin üzərinə qorxmadan hücum edib. Olmazmı ki, KİV həmin qəhrəman şəhid əsgərimiz haqqında yazılar hazırlasın, onun evində olsun. Təəssüf ki, bizim bəzi KİV bu məqama diqqətsiz yanaşır.
Vüsalə Mahirqızı: Mən vətənpərvərlik mövzusunda aparılacaq təbliğatı iki formada görürəm. Birincisi, tariximizi aşılamaqla, generallarımızı, uğurlu hərb tariximizi gənclərə - cəmiyyətə təqdim etməklə. O tarixi öyrənmədən bugünkü əsgər haqqında yazmaq mümkün deyil. Hesab edirəm ki, xüsusilə yazılı KİV bunu həyata keçirməlidir. Ola bilsin Səməd bəy Mehmandarov haqqında yazılan geniş yazı oxunmasın. Amma Səməd bəy Mehmandarov haqqında bir film çəkmək olar. İkinci təbliğat forması müasir ordu, müasir hərbi texnikaları təqdim etməklə ordumuzun gücünü nümayiş etdirməkdir. Buraya ordunun təlimlərindən tutmuş, şəhid olan əsgərinə qədər bütün məsələlərə toxunmaq lazımdır. Bu barədə yazmışam da. Türkiyənin “Kanal D” telekanalının xəbərlər proqramında qısa bir reportaj hazırlamışdırlar. Türkiyənin PKK ilə döyüşdə 7 əsgəri şəhid olmuşdu. Bu ölkənin baş nazirinin müavini həmin şəhidlərdən birinin çox bərbad vəziyyətdə olan evinə getmişdi. Hətta jurnalist təqdimat verərkən də bildirdi ki, nazir evə çıxarkən pilləkənlərdən tuta-tuta çıxdı. Uçuq-sökük evdə yaşayan şəhidin anası isə yeni ev tikilməsi ilə bağlı təklifə «Yox, kəndimizdə məktəb yoxdur. İstərdim ki, burada bir məktəb tikdirəsən, məktəbə də oğlumun adını verəsən» cavabını verdi. İndi də bu barədə danışanda insanda fərqli duyğular yaranır. Bu ananın böyütdüyü oğul mütləq qəhrəmanlıq göstərib şəhid olmalıdır.
Bizim səhnəmizin ana obrazı isə Elmira Şabanovadır. Həmin Elmira Şabanova ki, oğlunun erməni ilə birgə ermənini təbliğ edən film çəkməsini televiziya ekranında var səsi ilə qışqıraraq müdafiə edib, sonda da Azərbaycan xalqının onun oğlu kimi düşünməyən hissəsini “geridə qalmış” adlandırdı. Bizimlə qonşu Türkiyə arasında vətənpərvərlik ruhunun təbliği arasında olan fərq bu qədər böyükdür. Eyni şeylər Rusiya ilə müqayisədə də keçərlidir. Bayaq qeyd etdiyim süjetdə televiziya heç bir vətənpərvərlik dərsi keçmədi. Sadəcə, həmin məqamı göstərməklə aşıladı ki, Türkiyədə vətənpərvərlik bu qədərdir. Amma bunun mətbuata aid olmayan başqa bir tərəfi də var. Gərək baş nazirin müavini şəhidin evinə gedə ki, media da bunu işıqlandıra bilsin. Bizim problemlərimizin biri də buradadır. Azərbaycanda nə vaxt şəhid xüsusi törənlə dəfn edildi ki, biz də onu yazmadıq? Müdafiə Nazirliyi, bəzi hərbi yönümlü QHT-lər hərbi hissələrə səfərlər təşkil edəndə yüksək səviyyədə işıqlandırırıq. Dövlət Sərhəd Xidmətinin bir əsgəri böyük qəhrəmanlıq göstərərək, sərhəd pozucusunu zərərsizləşdirib, həlak oldu. Biz onunla bağlı geniş reportaj yazdıq. Bunu ona görə yaza bildik ki, DSX əsgərinin hansı şəraitdə, necə qəhrəmanlıqla həlak olduğunu anladan açıqlama yaydı.
Kəsəsi, mətbuatın hərbi vətənpərvərlik məsələsinə diqqətinin yetərincə olmadığını mən də qəbul edirəm. Elə bu mövzuda layihə həyata keçirməklə də, diqqəti bu sahəyə çəkmək istəyirik. Amma mətbuatın öhdəliklərinə qədər həll olunmalı məsələlər var ki, onlar da diqqətdən kənarda qalmamalıdır.
Şəmistan Nəzirli: Şübhəsiz ki, əsgər ailəsinə qayğı da lazımdır. İstər dövlət, istərsə də cəmiyyət tərəfindən. Görülən işlər müəyyən səviyyədə mətbuata çıxır. Bu da böyük bir kütləyə sirayət edir və onların şüuruna təsir göstərir.
Vüsalə Mahirqızı: Bir şeyi də qeyd etmək istəyirəm ki, Azərbaycanda vətənpərvərlik ruhunun təbliği yalnız konsertlər səviyyəsindədir. Konsertlərdə də vətənpərvərlik deyil, sevgi mahnıları oxuyub, əsgərləri oynadırlar. Sonra da bunu çəkib göstərirlər. Əleyhinə deyiləm, bu da olsun. Amma həmişə belə olmamalıdır.
Dəfələrlə qəhrəmanlarımızdan, şəhidlərimizdən yazı hazırlamışıq, lakin sabahı gün qəzetlərimiz bu yazını verməyib. Eyni gündə şou-biznes nümayəndəsindən bir yazı hazırlanmışdı, onu verdilər. Reallıqda mətbuatımızın vəziyyəti də budur. Mətbuat rəhbərlərinə deyəndə ki, niyə belə edirsiniz, deyir ki, oxucu tələbatını nəzərə alırıq. Biz əyləndirdikcə, oxucu buna daha çox meyl edəcək. Debatımızın da məqsədi hərbi-vətənpərvərlik mövzusunda yazıların sayını artırmaq, problemi doğuran səbəbləri və onun aradan qaldırılması yollarını müzakirə etməkdir. Məsələn, yaxınlarda Lent.az saytında Napaleon Bonapartın adyutantı Rüstəm bəy haqqında bir yazı getmişdi. Ş. Nəzirlinin araşdırmaları əsasında yazılmış bu yazı 6 min dəfə oxunmuşdu. Bu onu göstərir ki, vətənpərvərlik mövzusunda da yazılar oxunur.
İsa İsmayılov: Qədim yunan filosoflarından biri deyirdi ki, insanın əməli onun sözündən daha inandırıcıdır. Çox vaxt əsgərlər qarşısında vətənpərvərlikdən danışan insanların sözü ilə onların əməli bir-biri ilə düz gəlmir. Hərbi mövzuda yazan jurnalistlərin bəziləri hərbi xidmətdə olmayıblar. Bizim qəzetdə çalışan əməkdaşlarımızın hamısı illərlə orduda xidmət ediblər. Digər tərəfdən, qeyd edirlər ki, Müdafiə Nazirliyi şəhidlərimiz, qəhrəmanlarımız haqqında yazılar hazırlamaq üçün məlumatları mətbuata vermir. Hərbi Komissarlıqlarda və Prezident Administrasiyasının təltiflər şöbəsində bütün qəhrəmanlarımızın şəxsi işi var. Müraciət edilərsə, istənilən şəxs barəsində məlumatları almaq mümkündür.
Gülşən Hacıyeva: Hər hansı problem müzakirə olunduqda, həmin məsələdə dövlət orqanları ilə mətbuat bir-birini təqsirləndirməyə başlayır. Hər halda hərə öz üzərinə düşəni etsə, problem aradan qalxar. Təbii ki, biz öz üzərimizə düşəni etməyə çalışırıq. Özü də qarşı tərəfdən köməksiz bunu edirik. Təbliğat məsələsini rəsmi qurumlar başlamalıdır, mətbuat bunu davam etdirməsə, onu günahlandırmaq lazımdır. Baş verən hadisə - şəhidlə bağlı məlumatı Müdafiə Nazirliyindən də, digər qurumlardan da almaq üçün çox əziyyət çəkmək lazım gəlir.
Teymur Abdullayev: Elə bir məsələlər var ki, onu açıqlamaq olmur. Bəzən jurnalistlər zəng edib, dövlət sirri olan bir məsələnin təsdiqlənməsini istəyirlər. Bu da mümkün deyil.
Gülşən Hacıyeva: Xeyr, söhbət hadisədən gedir. Yəni Azərbaycan əsgərinin şəhid olmasından.
Teymur Abdullayev: Bəzən bizim verdiyimiz məlumat öz əleyhimizə çevrilə bilir. Hər şeyi yaymaq olmur. Bəzən əsgərin hansı şəraitdə şəhid olduğunu bilmirik. Rəsmi qurumun yaydığı informasiya dəqiq və təfərrüatlı olmalıdır. Biz hadisə baş verən kimi onu dəqiqləşdirmədən yaya bilmərik.
Rəşad Süleymanov: Gürcüstan təcrübəsində cəmiyyətdə hərbi-vətənpərvərlik tərbiyəsinin təşkili, mətbuatda hərbi mövzuların işıqlandırılması məsələləri ilə Müdafiə Nazirliyinin aidiyyəti qurumu məşğul olur. Bu sahədə Müdafiə Nazirliyi kompleks tədbirlər həyata keçirir. Əvvəlcədən tədbirlər planı hazırlanır və KİV-lə birgə icra olunur. Gürcüstan, Belarus, Rusiya, ABŞ və s. ölkələrdə sırf hərbi mövzuda verilişlər yayımlayan, ordu mövzusunu işıqlandıran hərbi telekanallar da mövcuddur.
İsa İsmayılov: Qeyd etdiyimiz problemlərin həllində jurnalistlərin öz mövqeləri də rol oynaya bilər. Hərbi mövzuda yazanda jurnalist öz marağını kənara qoymalıdır.
Şəmistan Nəzirli: Bayaq çox düzgün deyildi ki, hərbi hissəyə gedirlər çalıb-oxumağa. Gürcüstanda təbliğat doğurdan da güclüdür. Amma maddi-texniki təminat, ordu zəifdir. Bizdə isə bunların hamısı var, lakin təbliğatda problemlər yaşayırıq. Mənim fikrimcə, televiziya, agentliklər, internet mediası da daxil olmaqla, KİV-in bütün imkanlarından istifadə etməklə təbliğatı gücləndirməliyik.
Vüsalə Mahirqızı: Mənim fikrimcə, bu işlər Müdafiə Nazirliyi tərəfindən sistemli şəkildə həyata keçirilməlidir. Bəlkə də Müdafiə Nazirliyində məhz təbliğat məsələsi ilə bağlı həm KİV, həm də təhsil sistemi ilə əməkdaşlıq edən bir formul tapıla bilər. Mətbuatda da Azərbaycan əsgərinin obrazı müəyyənləşməlidir. Məsələn, mətbuatda Türk əsgərinin obrazı var: igid, şücaətli, bir az da emosional. Yaxud rus əsgəri deyəndə, bir az sərt, buz kimi soyuq bir əsgər obrazı canlanır. Bizim əsgərin obrazı nədir? Məncə, biz bunu yaratmalıyıq. Azərbaycan əsgərini elə təqdim etməliyik ki, kimsə ona acımasın. Bu obrazı mətbuat yaratmalıdır, amma rəsmi qurumların dəstəyi ilə...


© APA 2018