Hərbi xəbərlər

Aprel döyüşlərinin ildönümünə həsr olunmuş görüş keçirilib

13:07 18-04-2017

Aprel döyüşlərinin ildönümünə həsr olunmuş görüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və Müdafiə Nazirliyinin təşkilatçılığı ilə aprel döyüşlərinin ildönümünə həsr olunmuş görüş keçirilib.

 

APA-nın məlumatına görə,Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev çıxışında deyib ki, bu gün hər bir azərbaycanlı güclü ordusunun olması ilə fəxr edə bilər. O, aprel döyüşlərində Ermənistanın Azərbaycanın artıq 1990-cı ildəki Azərbaycan olmadığını dərk etdiyini bildirib: "Bizim qələbə günümüz uzaqda deyil. Qısa müddətdə işğal altındakı rayonlarımızı azad edəcək, bayraqlarımızı o torpaqlarda dalğalandıracağıq". 

 

Polkovnik-leytenant Elmar Zeynalabdinov aprel döyüşlərinin Azərbaycan xalqının qələbəsi olduğunu söyləyib: "Əsgərlərimiz doğma yurdlarını qorumaq, azad etmək üçün döyüşə atıldığını bilirdi. Andına sadiq qalan ordumuz torpaqların bir hissəsini azad etdi. Düşmən əsgərləri isə səngərlərdən qaçırdılar. Çünki bilirdilər ki, bu torpaqlar onların deyil".

 

Görüşdə aprel döyüşlərinə həsr olunmuş sənədli film nümayiş etdirilib. Filmdə aprel döyüşlərinin iştirakçıları - general-mayor Hikmət Həsənov, general-mayor Mayıs Bərxudarov, Milli Qəhrəman, polkovnik Şükür Həmidov, kapitan Mirdamət Bağırov, gizir Əli Eynullayev və əsgərlərin aprel döyüşləri ilə bağlı xatirələri əksini tapıb.

 

Daha sonra aprel döyüşlərinin iştirakçısı olmuş bir qrup zabit səhnəyə dəvət edilib. Polkovnik Vüqar Abduləzimov bildirib ki, aprel döyüşləri şanlı qələbədir, ordu və xalq birlikdədir: "Apreldə düşmənin təxribatına cavab olaraq operativ əks-hücum əməliyyatı hazırlandı. Strateji əhəmiyyətə malik Lələtəpə yüksəkliyi, Talış kəndi ətrafındakı yüksəkliklər azad edildi. Düşmənin əsgər və zabitləri yalvarırdılar ki, onları öldürməyək, döyüşmək istəmirlər. Azərbaycan əsgərləri o döyüşlərdə qorxmazlıq nümayiş etdirdi. Döyüşlərdə iştirak edən əsgər və zabitlər gənc nəslin nümayəndələridir. Fəxr edirik ki, belə vətənpərvər gənc nəsil yetişir. Arzulayırıq ki, işğal altındakı torpaqlarımızı tezliklə azad edək. Torpaqlarımız azad olunan zaman şəhidlərimizin ruhu şah olacaq. Biz son damla qanımıza qədər döyüşməli və o torpaqlarımızı azad etməliyik".  

 

Digər zabitlər də aprel döyüşləri ilə əlaqədar xatirələrini bölüşüblər.



© APA 2017