Hərbi xəbərlər

Britaniya hərbçiləri Azərbaycan Hərbi Dəniz Qüvvələrində təlim kursu keçir

17:49 09-10-2017

Britaniya hərbçiləri Azərbaycan Hərbi Dəniz Qüvvələrində təlim kursu keçir

Azərbaycan Müdafiə Nazirliyi ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Müdafiə Nazirliyi arasında imzalanmış illik hərbi əməkdaşlıq planına uyğun olaraq Bakıda Hərbi Dəniz Qüvvələrinin bazasında təlim kursu başlayıb.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Böyük Britaniyanın Kral Hərbi Donanması tərəfindən təşkil olunan “Dəniz təhlükəsizliyinin planlaşdırılması kurs”unda təlimatçı qismində iştirak etmək məqsədilə britaniyalı hərbi dənizçilərdən ibarət heyət Azərbaycana gəlib.

 

Oktyabrın 9-da kursun açılış mərasimində Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov, eləcə də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri xanım Kerol Meri Krofts iştirak ediblər.

 

Kurs oktyabrın 13-dək davam edəcək.



© APA 2017