Hərbi xəbərlər

Dövlət Komissiyası: 3868 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır

12:55 12-09-2017

Dövlət Komissiyası: 3868 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır


"Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu son 2 ildə itkinlərə aid siyahıların dəqiqləşdirilmə sahəsində ciddi və təxirəsalınmaz işlər aparır. Hazırda bu iş yekunlaşıb. Amma problemin həssas, eyni zamanda humanitar tərəfini nəzərə alsaq, siyahıda cüzi dəyişikliklərin edilməsi mümkündür". 

 

APA-nın məlumatına görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.

 

O bildirib ki, Dövlət Komissiyasında bu il sentyabrın 1-ə olan məlumata əsasən, 3868 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb: "Onlardan 3126 nəfəri hərbçi, 742 nəfəri mülki şəxsdir. Mülki şəxslərin arasında 62 nəfər uşaq, 262 nəfər qadın, 302 nəfəri isə qocadır. Bundan başqa, itkin düşmüş 3868 nəfərin 872 nəfəri intensiv hərbi əməliyyatlar zamanı Ermənistan hərbiçiləri tərəfindən əsir və girov götürülməsi, saxlanılması barədə məlumatlar əldə edilib. Onlardan 591 nəfəri hərbçi, 281 nəfəri mülki şəxsdir. Mülki şəxslərin arasında 29 uşaq, 98 qadın, 111 qoca olub. Münaqişə zamanı Ermənistan tərəfindən bütün beynəlxalq normalar pozulub".



© APA 2017