Hərbi xəbərlər

DSX-də 2017-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib

10:20 14-12-2017

DSX-də 2017-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib

Dövlət Sərhəd Xidmətinin 2017-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçi­ril­ib.

 

DSX-nin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, hesabat müşavirəsində Azərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov da iştirak edib.

 

Fuad Ələsgərov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərhəd təhlükəsizliyi məsə­lələrinə ali diqqət və qayğısı, hesabat dövründə dövlət sərhədinin mühafizəsi sahəsində əldə olunmuş nailiyyətlər və həyata keçirilmiş struktur islahatlar, Döv­lət Sərhəd Xidməti qarşısında duran vəzifə və tapşırıqlar haqqında danışıb.

 

Müşavirədə hesabat məruzəsi ilə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev silahlı birləşmələrin və digər struktur qu­rumların xidməti fəaliyyətini qiymətləndirib, 2018-ci ildə Dövlət Sərhəd Xidməti qarşısında duran əsas vəzifə və tapşırıqları qeyd edib. 2017-ci ilin Azərbaycan Sərhəd Mühafizəsi üçün döyüş hazırlığının daha yüksək səviyyədə təmin edilməsi, dövlət sərhədinin toxunulmazlığının təminatı tədbirlərinin ardıcıl davamı, dövlət sərhədinin əməliyyat və texniki yolla müha­fi­zə­­sinin gücləndirilməsi, beynəlxalq sərhəd əməkdaşlığının genişləndirilməsi ilə əlamətdar olması qeyd olunub.  

 

Müşavirədə qeyd olunub ki, 2017-ci ildə geniş miqyaslı döyüş atışlı taktiki dəniz sərhəd təlimləri keçiril­ib, gəmi silahlarının gecə və gündüz şəraitində atışları zamanı bütün təlim tapşırıqları yüksək səviyyədə icra olunub, şəxsi heyət tərəfindən böyük döyüş məha­rəti nümayiş etdirilib. Avqust ayında Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsi əməliyyatlarında Dövlət Sərhəd Xidmətinin 2 helikopteri iştirak edib, uçuş heyətlərimiz tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilib.

 

Sərhəd xəttində xüsusi işarəverici texniki komplekslərin, texniki müşahidə məntəqələrinin və videomüşahidə kameralarının quraşdırılması nəticəsində dövlət sərhədinin pozulmasının qarşısının texniki yolla alınması sahəsində önəmli nəticələr əldə olunub.

 

Hesabat müşavirəsində Azərbaycan sərhədçilərinin üzə­rilərinə düşən vəzifələri və Azər­baycan Prezidenti Silahlı Qüv­və­lərin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarını daima şərəf və ləya­qətlə yerinə yetirə­cək­ləri vurğulanıb.

 

Müşavirənin sonunda xidmətdə fərqlənmiş hərbi qulluqçulara dövlət təltif­ləri təqdim olunub.



© APA 2018