Hərbi xəbərlər

DTX rəisi əsgərlərlə birgə bayram tədbirində iştirak edir

21:51 31-12-2017

DTX rəisi əsgərlərlə birgə bayram tədbirində iştirak edir

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramını ənənəvi olaraq hərbi hissənin şəxsi heyəti ilə birgə keçirir.

APA-nın DTX İctimaiyyətlə Əlaqələr şöbəsinə istinadən verdiyi xəbərə görə,  Ali Baş Komandan İlham Əliyevin adından hərbi hissənin bütün şəxsi heyətini təbrik edən general-leytenant Mədət Quliyev Vətəni müdafiə etmək kimi şərəfli və məsuliyyətli xidmətlərində zabit və əsgərlərə uğurlar diləyib.

 

General-leytenant Mədət Quliyev bildirib ki, Azərbaycan prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə gündən-günə inkişaf edərək daha da qüdrətlənir. Dövlət başçısı İlham Əliyevin səyləri sayəsində Azərbaycanın ötən il də möhtəşəm uğurlara nail olduğunu qeyd edən Mədət Quliyev, dövlətimiz tərəfindən görülən tədbirlər nəticəsində respublikanın müdafiə qabiliyyətinin durmadan möhkəmləndiyini, Silahlı Qüvvələrin hərbi-texniki potensialının gücləndirilməsi ilə Azərbaycan Ordusunun Cənubi Qafqazda ən güclü orduya çevrildiyini diqqətə çatdırıb. Bu isə xalqımızda böyük ruh yüksəkliyi yaradaraq, işğal olunmuş ərazilərimizin tam azad ediləcəyinə inam hissini və əzmini daha da artırıb.

 

General-leytenant Mədət Quliyev DTX-nin hərbi hissəsində şəxsi heyətin nümunəvi xidməti üçün hərtərəfli şəraitin yaradıldığını bildirərək,  prezident   İlham Əliyevin və xalqın göstərdiyi yüksək etimadı doğrultmağın, işğal altındakı vətən torpaqlarını azad etmək üçün daim hazır olmağın başlıca məqsəd olduğunu qeyd edib.

 

Sonra hərbi hissənin xidmətdə fərqlənmiş əsgər və zabitlərinin mükafatlandırılması barədə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin əmrləri elan edilmiş və həmin təltiflər general-leytenant Mədət Quliyev tərəfindən təqdim olunub.

 

Sonda DTX-nın yaradıcı kollektivi, respublikanın tanınmış incəsənət nümayəndələrinin vətənpərvərlik mövzusunda ifa etdikləri mahnılar böyük ruh yüksəkliyi və coşqu ilə qarşılanıb.



© APA 2018