Hərbi xəbərlər

Gəncədə qumbaraatan mərmisi, Cocuq Mərcanlıda mina aşkarlanıb

17:26 13-12-2017

Gəncədə qumbaraatan mərmisi, Cocuq Mərcanlıda mina aşkarlanıb

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Gəncə şəhəri Kəpəz rayonu DOS 102 ünvanında 1 ədəd partlamamış hərbi sursatın olması  barədə məlumat daxil olub.

 

ANAMA-dan APA-ya bildirilib ki, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu məlumat əsasında dərhal əraziyə göndərilib.

 

Agentliyin mütəxəssisləri tərəfindən ərazidə 138 saylı binanın zirzəmisinə baxış keçirilib,  aparılan əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd partlamamış hərbi sursat (Qumbaraatan mərmisi (PQ-18)) aşkar edilib. Sursat zərərsizləşdirilməsi üçün götürülərək ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb.

 

Əməliyyat Böyük Britaniya Hökuməti tərəfindən maliyyələşdirilib.

 

ANAMA bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları barədə də məlumat yayıb. Məlumatda bildirilir ki, gün ərzində Cocuq Mərcanlı kəndinin 16 800 (1.68 ha) ərazisi tam təmizlənib, 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.  

 

Əməliyyatlarda 49 nəfərlik şəxsi heyət iştirak edir.



© APA 2018