Hərbi xəbərlər

MM-in Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib

18:26 22-12-2017

MM-in Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib. 

 

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov bildirib ki, iclasın gündəliyinə 3 məsələ daxildir. 

 

Birinci iki məsələ “Terrorçuluğa qarşı mübarizə haqqında” qanuna və “Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taboru tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında” Milli Məclisin 2002-ci il 15 noyabr tarixli qərarında dəyişikliklər edilməsi barədədir. Birinci qanuna təklif edilən dəyişiklik “Nağdsız hesablaşmalar haqqında” qanuna uyğunlaşdırma xarakteri daşıyır. Qərara təklif olunan dəyişiklik isə ölkəmizdə keçirilmiş sonuncu referendum nəticəsində Konstitusiyaya edilmiş dəyişikliklərlə bağlıdır.

 

Məlumat verilib ki, gündəlikdəki üçüncü məsələ “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” (üçüncü oxunuş) qanun layihəsidir. Z. Əsgərov bildirib ki, bundan əvvəlki qanun 1991-ci ildə qəbul olunub və hal-hazırda qüvvədədir. Yeni qanun layihəsinin qəbul olunması zərurəti isə ölkəmizdə keçirilmiş sonuncu referendum nəticəsində Konstitusiyaya edilmiş dəyişikliklərdən sonra yaranıb. Yeni qanun silahlı qüvvələrimizin hüquqi bazasının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Qanun layihəsi çərçivə xarakterlidir və ümumi prinsipləri müəyyən edir. Yəni bundan sonra silahlı qüvvələrimizin ayrı-ayrı bölmələrini tənzimləyəcək qanunlar hazırlanacaq.

 

Z. Əsgərov ikinci oxunuşda müzakirədən sonra layihə üzərində aparılmış işlər barədə komitə üzvlərini məlumatlandırıb. 

 

Qanun layihəsinin müzakirəsi zamanı deputatlar Elman Məmmədov, Adil Əliyev və Aqil Abbas çıxış edərək yeni qanunun əhəmiyyətindən danışıblar. Müzakirələrdən sonra gündəlikdəki hər üç qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib. 



© APA 2018