Hərbi xəbərlər

Moskvada “İnterpolitex-2009” XIII beynəlxalq təhlükəsizlik avadanlıqları sərgisi keçiriləcək

15:26 24-09-2009

Moskvada “İnterpolitex-2009” XIII beynəlxalq təhlükəsizlik avadanlıqları sərgisi keçiriləcək
Bakı. Rəşad Süleymanov – APA. Oktyabrın 27-dən 30-dək Moskvada “İnterpolitex-2009” XIII beynəlxalq təhlükəsizlik avadanlıqları sərgisi keçiriləcək. Bu barədə APA-ya “İnterpolitex-2009”un təşkilat komitəsindən məlumat verilib. “Bizon” şirkəti tərəfindən təşkil olunan sərgi Rusiya Daxili İşlər Nazirliyi və Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmət tərəfindən dəstəklənir. Üç gün davam edəcək sərgiyə əksəriyyəti Rusiyadan olmaqla dünyanın təhlükəsizlik avadanlıqları istehsal edən tanınmış şirkətləri qatılacaqlar. Tədbirə Azərbaycandan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və Daxili Qoşunların komandanı Zakir Həsənov dəvət olunub.
“İnterpolitex-2009” çərçivəsində Rusiya Federal Təhlükəsizlik Xidməti və Sərhəd Qoşunlarının təşkilatçılığı ilə “Qranitsa-2009” adlı beynəlxalq ixtisaslaşmış sərgi təşkil də olunacaq. Sərgi çərçivəsində MDB Antiterror Mərkəzi tərəfindən beynəlxalq təhlükəsizliyin müxtəlif aspektlərinə həsr olunmuş konfransların təşkili nəzərdə tutulur.


© APA 2018