İdman xəbərləri

Altay Həsənov: “Fərid Qayıbovun gimnastikanın inkişafına öz töhfə verəcəyinə inanırıq”

16:40 06-12-2017

Altay Həsənov: “Fərid Qayıbovun gimnastikanın inkişafına öz töhfə verəcəyinə inanırıq”

Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilməsi ilə bağlı mətbuat konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə Qayıbovla yanaşı, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov da iştirak ediblər.


Konfransı giriş sözü ilə açan MOK rəsmisi 2017-ci ili Azərbaycan idmanı üçün uğurlu hesab edib: “Bu ayla ilə yekun vuraraq, son rəqəmləri açıqlayacağıq. Ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları təşkil olundu. 2 idmançımız üçqat dünya çempionu adını qazandı, MOK-un 25 illik yubileyi oldu və s. Nəhayət, Fərid Qayıbov UEG-nin prezidenti seçildi. Bu, böyük məsuliyyətdi. İdmanda Avropa qitəsi böyük önəm kəsb edir. Yay Olimpiya Oyunlarında medalların 50 faizi bu qitədən qazanılır. Gimnastikada isə bu rəqəm təxminən 90 faizə yaxındı. Buna görə də qitədə federasiya prezidenti olmaq şərəfli və məsuliyyətlidi. Fərid müəllimin bu işin öhdəsindən layiqincə gələcəyinə, gimnastikanın inkişafına öz töhfə verəcəyinə inanırıq. Bu, həm də AGF-in uğurudu. Gimnastikamız bu səviyyəyə qalxmasaydı, Fərid müəllimi də Avropada tanımayacaqdılar. Bu münasibətlə federasiyanın prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm. Qayıbova bundan sonrakı fəaliyyətində uğurlar arzulayıram”.

Həsənov da Qayıbovun UEG-ə rəhbər seçilməsini ölkəmizin ictimai həyatında böyük hadisə adlandırıb: “Hamımız çox sevinirik. Cənab prezident İlham Əliyev və Mehriban Əliyeva Qayıbova böyük diqqət yetirir. Mehriban Əliyevə AGF-nin prezidenti seçildikdən sonra Azərbaycanda bu idman növündə mühüm dəyişikliklər baş verdi, 15 ildə böyük inkişaf oldu. Bu gün uğurlarımız çoxdu. Biz idman sahəsində lazımi təcrübəyə, təşkilatçılığa qadirik. Avropa idman ictimaiyyəti Qayıbovu bu posta seçməklə, bunu bir daha isbatladı. Fərid müəllim çox məsuliyyətli insandı və gördüyü işlər hər zaman uğurla nəticələnirdi. O, bunadək UEG-nin baş katibi, vitse-prezidenti vəzifələrində çalışmışdı. Qərara aldıq ki, prezidentliyə də onun namizədliyini verək və bu gün bunun nəticəsini gördük”.

 

Həsənov Azərbaycan gimnastikasının bu günündən də danışıb. Onun sözlərinə görə, yığmanın baş məşqçisi Mariana Vasileyanın rəhbərliyi altında yeni nəsil yetişir.

Qayıbov isə Avropada ölkəmizi layiqincə təmsil edəcəyini açıqlayıb. Uğurunda payı olan hər kəsə minnətdarlığını bildirən UEG rəhbəri Azərbaycanın gimnastika paytaxtlarından biri kimi qəbul olduğunu deyib: “Öncə ölkə başçısı İlham Əliyevə təşəkkürümü bildirirəm. Azərbaycan idman ölkəsinə çevrilib. Bizdə çox yüksək səviyyədə şərait yaradılıb. Milli Gimnastika Arenasının isə dünyada tayı-bərabəri yoxdu. Bu idman qurğusu sayəsində Bakı gimnastika paytaxtlarından birinə çevrilib. Buna görə də federasiyamızın prezidenti Mehriban xanıma təşəkkür edirəm. 15 il onun rəhbərliyi altında böyük nailiyyətlər əldə etmişik. Onun komandasının üzvü kimi UGF-nin prezidenti seçilmişəm. Federasiyanın vitse-prezidenti Altay müəllimə də daim mənə düzgün yol göstərdiyi üçün təşəkkür edirəm. Bütün kollektivə, valideynlərimə, həyat yoldaşıma minnətdaram”.

 

O bildirib ki, Xorvatiyanın Split şəhərində prezident seçilib Bakıya qayıdandan sonra sosial şəbəkələr vasitəsilə təbriklər alıb: “Başa düşdüm ki, ölkəm üçün böyük işlər görmüşəm. Rəqibim olan sloveniyalı funksioner də çox layiqli namizəd idi. Onu qabaqladığım üçün sevincliyəm. Eyni zamanda avtomatik olaraq Beynəlxalq Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvü olmuşam. AGF-nin baş katibi vəzifəsindən ayrılacağam. Bununla bağlı ərizə ilə müraciət etmişəm”.

 

Qayıbov Avropa Gimnastika İttifaqının fəaliyyəti barədə də məlumat verib. O bildirib ki, etimadı doğrultmaq üçün səylə çalışacaq: “Bu gün 100-dən çox idmançımız var. Buna çox sevinirik. Biz Pekin-2008-ə gedəndə qrup hərəkətləri üçün 6-cı gimnastı tapa bilmirdik. Bu gün bölgələrimizdə də gimnastlarımız yetişməkdədi. Tək Bakı ilə kifayətlənmirik. Avropa ölkələri mənə səs veriblər və UEG-də öz işimi görəcəyəm. İki ildən bir UEG-nin Konqresi təşkil olunur və hesabatlar dinlənilir. İnanıram ki, hər şey uğurlu olacaq”.

 

Qayıbov Azərbaycanda gənc gimnastların yetişdiyini və gələcəkdə onların daha böyük uğur qazanacağına da inam ifadə edib.

 

Qeyd edək ki, Qayıbov 2008 və 2012-ci illərdə Beynəlxalq Gimnastika Federasiyasının Şurasının (FİG) üzvü, 2013-cü ildə isə UEG-nin vitse-prezidenti seçilib və son dörd il ərzində həmin vəzifəni icra edib. Ötən il AGF-nin İcra Komitəsinin iclasında Qayıbovun UEG-nin prezidentliyinə namizədliyinin irəli sürülməsi haqqında qərar verilib. Daha sonra işçi qrupu yaradılıb və bir il ərzində seçkiqabağı kampaniya aparılıb. 2017-ci il dekabrın 2-də Xorvatiyanın Split şəhərində keçirilən UEG-nin 27-ci hesabat-seçki xarakterli Konqresində Qayıbov quruma prezident seçilib. O, növbəti 4 il ərzində fəaliyyətinə 8 gimnastika növü daxil olan UEG-ə rəhbərlik edəcək.



© APA 2017