İdman xəbərləri

Gimnastlarımız “Zolotov Cup”da 3 medal qazandı

11:28 11-09-2017

Gimnastlarımız “Zolotov Cup”da 3 medal qazandı

Rusiyanın Veliki Novqorod şəhərində akrobatika gimnastikası üzrə “Zolotov Cup” adlı beynəlxalq turnir keçirilib. Azərbaycan Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda yığmamızın üzvləri üçün uğurlu alınıb.

 

Komandamız Rusiyada 3 medal qazanıb. Belə ki, 11-16 yaş qrupunda yer alan kişi cütlüyümüz Murad Rəfiyev - Daniel Abbasovun icra etdikləri kompozisiyaların hakimlər tərəfindən ən yüksək xalla qiymətləndirilməsi (83.400) gimnastlarımızı fəxri kürsünün ilk pilləsinə yüksəldib.

 

13-19 yaş qrupunda çıxış edən Ruhidil Qurbanlı - Abdulla Əl Məşayxidən ibarət qarışıq cütlüyümüz isə 85.450 xalla, yalnız Almaniya komandasından geri qalaraq, gümüş medal qazanıb. Eyni yaş qrupunda olan digər cütlüyümüz Nurcan Cabbarlı - Ağasif Rəhimov isə 4-cü yerdə qərarlaşıblar.

 

Sonuncu medal sevincini qadın qrup komandamız yaşadıb. 12-19 yaş kateqoriyasında çıxış edən təmsilçilərimiz Emiliya Nəzərli, Ləman Məmmədova və Raziyə Seyidlinin çıxışları da gümüş medalla qiymətləndirilib.



© APA 2017