İdman xəbərləri

Ağasəlim Mircavadov: “Milli komanda elə səviyyəyə enib ki, bəzi futbolçular yığmada çıxış etmək belə istəmirlər”

13:45 14-03-2007

Ağasəlim Mircavadov: “Milli komanda elə səviyyəyə enib ki, bəzi futbolçular yığmada çıxış etmək belə istəmirlər”

“Hələ “Neftçi” klubunda işlədiyim vaxt digər komandalarla birgə legioner limitinin artırılması xahişi ilə AFFA İcraiyyə Komitəsinə müraciət etmişdik. Fikrimcə, həmin məktub hələ statusunu itirməyib”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov söyləyib. Baş məşqçinin sözlərinə görə, legioner limitinə baxılmasından ötrü yenidən İcraiyyə Komitəsinə müraciət etməyə ehtiyac yoxdur: “Onsuz da heç bir xeyri olmayacaq”. A. Mircavadov bəzi futbolçuların milliləşdirilməsindən sonra legioner limiti ilə bağlı klublar arasındakı balansın pozulduğunu vurğulasa da, “Xəzər-Lənkəran”ın hansısa futbolçusunu yığmaya təklif etməyəcəyini vurğulayıb. Emin Quliyevin millidən imtina etdiyi barədə xəbərlərə gəlincə, 60 yaşlı mütəxəssis bunu belə izah edib: “Hazırda milli komanda elə səviyyəyə enib ki, bəzi yerli futbolçular orada çıxış etmək belə istəmirlər”. Legionerlərin milliləşdirilməsinə etiraz edən A. Mircavadov bildirib ki, milli komandanın baş məşqçisi olduğu müddətdə AFFA prezidenti Fuad Musayev ona əcnəbilərin yığmaya cəlb edilməsini təklif edirdi: “Millinin baş məşqçisi olduğum vaxtlarda Fuad Musayev mənə xarici futbolçuları yığmaya cəlb etməyi təklif edirdi. Amma mən buna qarşı çıxırdım. Düzdür, başqa millətdən olanlar yığmamızda çıxış edirdi. Ancaq onların əksəriyyəti Azərbaycanda doğulanlar idi”. /APA-Sport/


© APA 2018