İdman xəbərləri

Rasim Kara: “Azərbaycan yığması Afrika komandasına bənzəyir”

15:15 05-03-2007

Rasim Kara: “Azərbaycan yığması Afrika komandasına bənzəyir”

“Papağımızı qabağımıza qoyub yaxşı-yaxşı düşünməliyik. Bir-birimizlə mübahisəyə girmək əvəzinə əl-ələ verib Azərbaycan futbolunu xilas etməyin yollarını tapmalıyıq”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri “Fanat” qəzetinin təşəbbüsü ilə futbol yığmasında ifrat milliləşdirməyə qarşı keçirilən tədbirdə “Qarabağ” klubunun baş məşqçisi Rasim Kara səsləndirib. Türkiyəli çalışdırıcının sözlərinə görə, “milliləşdirmə” prosesinə AFFA rəhbərliyi rəsmi münasibətini bildirməlidir: “Planetin bütün yığmalarında cəmi 5-6 legioner oynadığı halda, Azərbaycan milli komandasında 15-ə yaxın xarici futbolçu forma geyinir. Bu göstəriciyə görə, ölkəniz dünyada bəlkə də birinci yerdədir. Azərbaycan yığması Afrika komandasına bənzəyir. Bu məsələyə rəsmi münasibət bildirilməlidir. AFFA dövlət qurumları ilə birgə bu problemi həll etməlidir”. R.Kara “milliləşdirmə”də klubların məqsədinin aydın bilinmədiyini vurğulayıb: “Yığmanın heyətində 7 legionerin əvəzinə 7 gənc azərbaycanlı oynamaya bilər. Klubların xarici futbolçulara vətəndaşlıq almasında məqsədləri məlum deyil. Bu yolla əcnəbilərin milli komandada oynamasına şərait yaradılır, yoxsa, legioner limiti süni şəkildə qaldırılır?”
/APA-Sport/


© APA 2018