İdman xəbərləri

Şahin Diniyev: “Rail Məlikovu milli komandaya çağıran var ki, təklifdən imtina da etsin?”

11:57 15-02-2007

Şahin Diniyev: “Rail Məlikovu milli komandaya çağıran var ki, təklifdən imtina da etsin?”
“Bakı” klubunun müdafiəçisi Rail Məlikov futbol üzrə Azərbaycan milli komandasında çıxış etməkdən imtina edib. Futbolçu yığmadan imtina etməsini millinin oyunlarında daim ehtiyatda qalması ilə izah edib. R.Məlikovun sözlərinə görə, klubdan yığmaya hazır vəziyyətdə getsə də, 90 dəqiqə ərzində yaşıl meydana həsrət qalır: “Bu da çəkimin artmasına və klubun düşərgəsinə qayıdarkən formadan düşməyimə səbəb olur”. R. Məlikov bildirib ki, Şahin Diniyevin baş məşqçi olduğu müddətdə yığma komandada çıxış etməyəcək.
Qeyd edək ki, R.Məlikov sonuncu dəfə milli komandanın heyətində ötən il sentyabrda Avropa çempionatının seçmə qrup mərhələsində Qazaxıstanla Bakıda keçirilən oyunda meydana çıxıb. Futbolçu Portuqaliya və Belçika ilə görüşlərə dəvət alsa da, bu görüşləri ehtiyat oyunçular skamyasından izləyib. 22 yaşlı müdafiəçi fevralın 7-də Karşi şəhərində Özbəkistanla oyuna dəvət edilməmişdi. Milli komandanın baş məşqçisi Şahin Diniyev isə “APA-Sport” agentliyinə açıqlamasında Rail Məlikovu yaxşı futbolçu hesab etsə də, onun yığmadan imtina etməsini itki hesab etməyib: “Bir də ki, Raili milli komandaya çağıran var ki, təklifdən imtina da etsin?” /APA-Sport/


© APA 2018