İdman xəbərləri

Şakir Qəribov İspaniyada “Barselona” klubunun məşq prosesində iştirak edib

19:19 05-03-2007

Şakir Qəribov İspaniyada “Barselona” klubunun məşq prosesində iştirak edib

Futbol üzrə Azərbaycanın olimpiya yığmasının baş məşqçisi Şakir Qəribov İspaniyanın “Barselona” klubunun məşqində iştirak edib. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən Şakir Qəribovun sözlərinə görə, “Barselona”nın əsas komandasının məşqini kənardan izləmək imkanına malik olub: “Barselona”nın fevralın 27-də səhər məşqini izlədim. Bu, komandanın “Valensiya” ilə fevralın 25-də səfərdə 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra ilk məşqləri idi. “Barselona” kimi klubun yüksək səviyyədə keçən məşqinin canlı şahidi oldum”. Qeyd edək ki, Ş.Qəribov İspaniyanın Barselona şəhərinə FİFA-nın dəvəti ilə yollanmışdı. 51 yaşlı çalışdırıcı Meridian kuboku uğrunda iki oyunu izlədiyini söyləyib: “Barselonada Avropa və Afrikanın 1989-cu il təvəllüdlülərindən ibarət yığma komandaları arasında iki oyun keçirildi. Hər iki oyunda avropalılar böyük hesablı qələbə qazandılar. Oyunların birində 6:1, digərində 3:0 hesabı qeydə alındı. Bu görüşlər afrikalıların avropalılardan geri qaldıqlarını bir daha göstərdi. Belə qarşılaşmaları təşkil etməkdə məqsəd afrikalıların təcrübələrinin artırmalarına şərait yaratmaqdır. Biz məşqçilər üçün belə səfərlər təcrübə toplamaq baxımından faydalıdır”. /APA-Sport/


© APA 2018