İdman xəbərləri

Vəli Qasımov: “Mənə deyirdilər ki, “Neftçi” klubuna gəlməsən, səni güclə gətirib Dağlıq Qarabağa döyüşə göndərəcəyik”

12:48 16-02-2007

Vəli Qasımov: “Mənə deyirdilər ki, “Neftçi” klubuna gəlməsən, səni güclə gətirib Dağlıq Qarabağa döyüşə göndərəcəyik”

“Hazırda Azərbaycanla məni az şey bağlayır. Valideynlərim vəfat edib, yalnız qardaşım qalıb. Onu ailəsi ilə birgə İspaniyaya aparmaq istəyirəm”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri hazırda İspaniyanın Sevilya şəhərində yaşayan futbol üzrə milli komandamızın sabiq hücumçusu Vəli Qasımov bildirib. Futbolçu müsahibəsində “Neftçi” klubuna gəlişi haqda danışıb: “14 yaşımda “Neftçi”də mənimlə heç kimin işi yox idi. Baxışa götürəcəklərini vəd etmişdilər. Amma zəng etmədilər. Xarkov şəhərinə tanışımın yanına getdim. SSRİ-nin 17 yaşlılardan ibarət yığmasının heyətində 1985-ci ildə Avropa çempionu olduqdan sonra Bakıya çağırmağa başladılar. Həm yaxşı, həm də pis tərzdə dilə tutdular. Gəncədə atama hər tərəfdən təzyiq göstərirdilər. Deyirdilər ki, oğlunu qaytar, o, bizimkidir, azərbaycanlıdır. Yerli şəhər partiya komitəsinin birinci katibi şəxsən bu məsələ ilə əlaqədar evimizə gəldi. Valideynlərimi hədələyirdi”. V. Qasımovun sözlərinə görə, valideynləri razılıq verdikdən sonra adı hansısa hərbi hissəyə qeyd olunub və “Neftçi”də çıxış edib: “Lakin həmin hərbi hissəyə yeni təyin olunan rusiyalı kapitan bütün əsgərləri bir yerə yığmağı əmr etmişdi. Futbolçu olmağım kapitanın vecinə də deyildi. Arxamca komandaya gəlmişdi. Məşq olduğundan məni heç yerə buraxmadılar. Lakin hərbi hissə komandiri inadkar çıxdı”. Sabiq futbolçunun sözlərinə görə, bundan sonra “Neftçi”dən o vaxt Bakı şəhər icraiyyə komitəsinin sədri işləyən Fuad Musayevə zəng olunub. F. Musayev hər şeyi qaydasına salıb. V. Qasımov ordudan tərxis olunduqdan sonra “Neftçi” ilə mümkün qədər tez vidalaşmaq istədiyini bildirib: “Çünki bu komandada hər şey gözlərimin önündə dağılıb gedirdi. Lakin oradan çıxmaq ağır idi. Vladiqafqaza Valeri Qazzayevin yanına getdim. Bütün təlim-məşq toplantılarından keçdim, lakin klublar anlaşa bilmədilər. 1991-ci ilin sonunda Tarxanov məni Daşkəndə çağırdı. Lakin SSRİ dağıldı üçün onu Tarxanovu “Spartak”a dəvət etdilər. Məni də komandasına cəlb etdi. Ancaq uzun müddət Azərbaycandan keçidimə razılıq vermədilər. Yenə zənglər, hədələr gəlməyə başladı. Dedilər ki, əgər gəlməsən, güclə gətirəcəyik, səni Dağlıq Qarabağa döyüşməyə aparacağıq”. /APA-Sport/


© APA 2018