İdman xəbərləri

Azərbaycanın İtaliyadakı səfiri: “Qarabağ”ın çox üzücü hekayəsi var”

11:14 05-12-2017

Azərbaycanın İtaliyadakı səfiri: “Qarabağ”ın çox üzücü hekayəsi var”

“Oyunu stadiondan izləyəcəm. “Qarabağ”ın böyük pərəstişkarıyam”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə deyib.

 

Çempionlar Liqasının (ÇL) qrup mərhələsi çərçivəsində bu gün baş tutacaq “Roma” – “Qarabağ” görüşü öncəsi “İlromanista”nın qonağı olan Əhmədzadə Azərbaycan idmanının inkişafından bəhs edib. O, ölkəmizin böyük turnirlərə ev sahibliyi etdiyini vurğulayıb: “Azərbaycan komandasının ilk dəfə Çempionlar Liqasında iştirak etməsindən qürur duyuram. Bu, Azərbaycan idmanı və futbolu üçün əla nəticədi. Biz idman ölkəsiyik. İdman da daxil olmaqla, bütün sahələrdə əhəmiyyətli inkişafa nail olmuşuq. Bir çox dünya səviyyəli idman yarışlarına təşkilatçılıq etmişik. I Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və “Formula-1” yarışına ev sahibliyi etməyimiz Azərbaycanı idman dünyasına daha yaxşı tanıtdı. Futbol çox populyar idman növüdü və bir neçə Azərbaycan komandası var”.

 

Səfir “Qarabağ”ın ÇL-in qrupunda yer almasının xüsusi önəm kəsb etdiyini söyləyib: “Futbol tariximizdə ilk dəfədi Çempionlar Liqasının qrup mərhələsində iştirak edirik. Bununla qürur duyuruq. “Qarabağ” bu sevinci yaşadan ilk komanda oldu. Bu komandanın çox üzücü hekayəsi var. Ermənistan tərəfindən işğal olunmuş ərazilərdən gələn komandadı. Artıq 20 ildən çoxdu ki, Ağdama qayıtmır. Ora bu gün xarabalıqların hekayəsinə çevrilib. Stadion da bütün şəhər kimi məhv edilib. Bu səbəbdən “Qarabağ”ın iştirakı ikiqat önəm kəsb edirdi. Çünki Çempionlar Liqasında yarışan ilk Azərbaycan komandasıdı”.

 

Məmməd Əhmədzadə sonda bu gün “Qarabağ”a azarkeşlik edəcəyini deyib: “İtaliyadakı səfir olduğum və Romada yaşadığım üçün bu ölkənin, həmçinin “Roma”nın futbolu barədə məlumatım olmalıdı. “Roma” bu ölkənin güclü komandalarından biridi. Əlbəttə ki, oyun vaxtı komandamızı dəstəkləyəcəyik və inanıram ki, nəticədən asılı olmayaraq, maraqlı oyun keçəcək. Mən “Qarabağ” azarkeşiyəm. Ancaq ümid edirəm ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq qazanacaq. Çempionlar Liqasının qrup mərhələsində yer almaq özü bizim üçün böyük uğurdu”.

 

Qeyd edək ki, Roma Olimpiya Stadionunda keçiriləcək “Roma” – “Qarabağ” matçı Bakı vaxtı ilə 23:45-də start götürəcək.



© APA 2017