İdman xəbərləri

Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılıb

14:24 21-04-2017

Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılıb

Bu gün Çempionlar Liqasında yarımfinal və final mərhələlərinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil qərargahında keçirilən tədbir iki hissədən ibarət olub.

 

Öncə qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirən 4 komanda yarımfinal cütlərinə bölünüb.

 

Püşk İspaniyanın iki təmsilçisi “Real” və “Atletiko”nu üz-üzə qoyub. Yarımfinalda Madrid təmsilçilərinin iştirakı ilə 2 paytaxt derbisi keçiriləcək. Digər cütdə isə İtaliya çempionu “Yuventus” və Fransa “Monako”su qarşılaşacaq.

 

Ardınca isə Uelsin paytaxtı Kardiffdə baş tutacaq final matçının nominal meydan sahibi bəlli olub. Püşkün nəticəsi “Yuventus” – “Monako” cütünün qalibini görüşün ev sahibi seçib.

 

Qeyd edək ki, yarımfinal mərhələsinin ilk oyunları mayın 2-3-də, cavab qarşılaşmaları mayın 9-10-da keçiriləcək. Final görüşü isə iyunun 3-də oynanılacaq.

 

Çempionlar Liqası

Yarımfinal

(2-3/9-10 may)

“Real” (İspaniya) - “Atletiko” (İspaniya)

“Monako” (Fransa) - “Yuventus” (İtaliya)

 

Final

(3 iyun)

2-ci cütün qalibi – 1-ci cütün qalibi



© APA 2017