İdman xəbərləri

Elxan Məmmədov: “Ortada nəsə var ki, bu cəzanı tətbiq etmişik”

13:35 20-12-2017

Elxan Məmmədov: “Ortada nəsə var ki, bu cəzanı tətbiq etmişik”

“Hazırda araşdırma davam edir. İndi hər şeyi açıb danışsaq, araşdırmanı əhəmiyyətsiz etmiş oluruq”. Apasport.az saytının məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

 

Bu gün baş tutan AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra keçirilən mətbuat konfransına qatılan Məmmədov şübhəli oyunlara görə futboldan uzaqlaşdıranlar barədə hansısa faktın açıqlanmamağına münasibət bildirib.

 

Onun sözlərinə görə, assosiasiya bu məsələ ilə bağlı prokurorluğa müraciət edib:  “Futbolçu qəsdən zəif oynadığını etiraf edirsə, bu, futbol qanunlarına ziddi. Ortada nəsə var ki, bu cəzanı tətbiq etmişik”.

 

Məmmədov uşaq futbolundakı problemlərin həlli üçün xüsusi komissiyanın yaradılacağını da bildirib: “Qərar verildi ki, yanvarda komissiya yaradılsın və üzvlər mətbuat nümayəndələri olsun. Son iki ayda 43 texniki məğlubiyyət olub. Bunun 70 faizi qızların çempionatında olub”.

 

Baş katib aşağı yaş qruplarından olan komandaların texniki baza probleminin həllinə də toxunub: “Əslində, meydançaların ot örtüyü 2 gündən bir baxışdan keçirilir və müntəzəm dəyişirik. Hollandiya nümayəndələri gəlmişdi, yoxlayıb mənfi rəy verdilər. Biz də Bayıldakı stadionun ot örtüyünü dəyişdik. Klublara deyilib ki, məktub yazın ki, biz depodan lazım olan ləvazimatları çıxaraq. AFFA adından hədiyyə də versəm, bunun mədaxili yazılmalıdı. İstəmirik ki, sabah audit gələndə desin ki, 100 top hardadı? Bizim turnirlərdə iştirak edən komandalar məktub yazsınlar. Bu yaxınlarda bir təşkilat yazdı ki, bizə 100 top lazımdı. Dedik ki, məktub yazın, amma bir xəbər çıxmadı”.


 

Məmmədov milli komandanın yeni baş məşqçisi Qurban Qurbanovun son günlər müzakirə olunan qazancı barədə də danışıb. O bildirib ki, bu rəqəmin açıqlanıb-açıqlanmamağı müqavilənin şərtlərindən asılı olacaq: “Müqavilə imzalanacaq. Maliyyə baxımından maaş da olacaq. Ola bilər ki, məlumat verildi. Amma müqavilənin şərtlərindən asılıdı”.

 

Assosiasiya rəsmisi infrastruktur, stadion və inşa olunan meydançalar haqda fikirlərini bildirib: “Bir az obyektiv olmaq lazımdı. 2008-ci ildə cəmi 1 stadionumuz var idi. İndi isə “Dalğa Arena” var. Qadınlar arasında dünya çempionatı təşkil olunmuşdu. Orda süni meydançanı müvəqqəti quraşdırmışdıq. Sonra onu dəyişdik. Ardından məşq meydançalarını artırdıq, bazanı inkişaf etdirdik. Kim deyirsə ki, sovet dövründə həmin stadion möhtəşəm idi, düz demir. “Bakcell Arena”nı da düzəltdik. Klublarımıza gəlincə, “Neftçi”nin bazasında 3 təbii meydança salınıb. “Çelsi”nin bazasını da gəzmək imkanımız oldu. Çox bazada olmuşam, amma “Çelsi”nin bazası kimisini görməmişəm. Sumqayıtdakı meydança illər keçdikcə pisləşir. FİFA tərəfindən maliyyə əldə etmişik. Orda meydançalar salınacaq. Bir ildə 32 meydança tikə bilmərik. Bayılda gördüyünüz meydançanı 2 illik qurmuşduq. Burda başqa meydançalar da salmağı düşünürük. Yer məhdudiyyəti var. Addımımızı atanda reallıqla barışmalıyıq. İstəyirik ki, meydançalar artsın. Amma bu, bir gündə alınmır. Bəzi klublarımız o qədər yatırım etdilər. Xəbərlərdə görürəm ki, məhkəmədədilər. Təəssüflər olsun”.



© APA 2018