İdman xəbərləri

Ventura istefası ilə bağlı xəbəri təkzib edib - YENİLƏNİB

04:22 14-11-2017

Ventura istefası ilə bağlı xəbəri təkzib edib - YENİLƏNİB

Futbol üzrə İtaliya yığmasının baş məşqçisi Canpyero Ventura istefa verməsi ilə bağlı xəbəri təkzib edib.

 

APA-nın xəbərinə görə, bu barədə İtaliya millisinin mətbuat xidmətinin açıqlamasında bildirilir.

 

Ventura vəzifəsindən getmədiyini deyib. “Mən istefa verməmişəm. Əvvəl məsələni İtaliya Futbol Federasiyası ilə müzakirə etməliyəm. Problemi həll etmək üçün vəziyyəti qiymətləndirməliyik.  Bugünkü nəticə olduqca acınacaqlıdır, mən bütün İtaliya yığmasının azarkeşlərindən üzr istəmək istəyirəm.  Həmçinin “San-Siro”ya gələrək bizə dəstək verənlərə minnətdarlığımı bildirirəm”, deyə C.Ventura qeyd edib. 

 

***

 

03:32

 

Futbol üzrə İtaliya yığmasının baş məşqçisi Campyero Ventura DÇ-2018-in Avropa zonası üzrə pley-off mərhələsinin cavab oyunundan sonra istefa verib.

 

APA-nın İtaliya mətbuatına istinadən məlumatına görə, İsveçlə matçdan sonra Ventura televiziyaya şərh verməkdən, eləcə də mətbuat konfransında iştirak etməkdən imtina edib.

 

Məlumata əsasən, 69 yaşlı mütəxəssis istefası barədə İtaliya Futbol Federasiyasını məlumatlandırıb. İstefa ilə bağlı rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir.

 

Qeyd edək ki, İtaliya yığması son 60 ildə ilk dəfə dünya çempionatına vəsiqə qazana bilməyib.

 

İsveç yığması ilə Milanda baş tutan görüş qolsuz heç-heçə ilə başa çatıb. İlk oyunda 1:0 hesablı qələbə qazanan İsveç  mundiala vəsiqə qazanıb.



© APA 2017