İdman xəbərləri

Klublarımız Avropa Liqasının II təsnifat mərhələsində mübarizəyə başlayır

12:42 12-07-2017

Klublarımız Avropa Liqasının II təsnifat mərhələsində mübarizəyə başlayır

Avropa Liqasında II təsnifat mərhələsinin oyunları start götürür. Apasport.az saytının məlumatına görə, bu gün “İnter” – “Fola” matçı ilə start götürəcək mərhələnin ilk qarşılaşmalarına sabah yekun vurulacaq.

 

Ölkəmizi təmsil edən iki komanda da avrokubok matçına sabah çıxacaq. Öncə “Qəbələ” yeni mövsümdə ilk oyununu keçirəcək. Ardıcıl iki dəfə Avropa Liqasının qrupuna qədər irəliləyən “qırmızı-qaralar” yeni avrokubok yoluna evdə start verəcək.

 

Roman Qriqorçukun yetirmələri Polşanın “Yagelloniya” klubunu sınağa çəkəcək. Tarixində ilk dəfə mübarizəyə bu mərhələdən qoşulacaq “Qəbələ” rəqibini Bakıda qəbul edəcək. Heyətini xeyli yeniləmiş təmsilçimiz ilk rəsmi matçına çıxacaqsa, rəqib artıq bir mərhələni arxada qoyub.

 

Gürcüstan “Dinamo”sunu (Batumi) hər iki görüşdə yenən (1:0, 4:0) Belostok klubu yeni baş məşqçisi İreniuş Mamrotun rəhbərliyi altında 3-cü görüşünə çıxacaq. “Qırmızı-qaralar” doğma azarkeşlər önündə rəqibini məğlub etmək iddiasındadı. Qriqorçukun yetirmələri həm də gələn həftə keçiriləcək cavab matçı öncəsi sərfəli nəticə əldə etməlidi.

 

Günün digər qarşılaşmasında isə “Zirə” meydana çıxacaq. Paytaxt təmsilçisi səfərdə “Astra” ilə üz-üzə gələcək. Avrokubokların debütantı olan qəsəbə klubu ilk mərhələdəki uğurunun ardını gətirməlidi.

 

Lüksemburq “Differdanj”ını hər iki matçda üstələyən (2:0, 2:1) Ayxan Abbasovun yetirmələri səfərdə seriyanı davam etdirmək niyyətindədi. Məğlubiyyətsizlik, hətta qələbə seriyasını 3-ə çatdırmağa köklənən zirəlilərin bu dəfəki rəqibi lüksemburqlularla müqayisədə daha güclü sayılır.

 

“Astra”nın yarışın ilk raundun azad olması da klubun reytinqindən xəbər verir. Lakin yay fasiləsində heyətdə ciddi islahatları olan Rumıniya təmsilçisinin yenilərdən təşkil edilən “11-liy”i uyğunlaşma problemi ilə üzləşə bilər. Bu amil “Zirə”nin lehinə olduğundan komandanın cavab oyunu öncəsi sərfəli nəticə qazanması gözləniləndi.

 

Avropa Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

13 iyul

 

21:00. “Qəbələ” (Azərbaycan) – “Yagelloniya” (Polşa)

Baş hakim: Marko Frits

Baş hakimin köməkçiləri: Holqer Henşel, Marsel Pelqrim

Dördüncü hakim: Quido Vinkmann (hamısı Almaniya)

UEFA nümayəndəsi: Yevgeni Tratsyuk (Belarus)
Hakim-inspektor: Erol Ersoy (Türkiyə)

8-ci km qəsəbə stadionu

 

21:30. “Astra” (Rumıniya) – “Zirə” (Azərbaycan)

Baş hakim: Sergey Sinkeviç

Baş hakimin köməkçiləri: Yevgeni Romanov, Vitali Malyutsin

Dördüncü hakim: Viktor Şimusik (hamısı Belarus)

UEFA nümayəndəsi: İvan Borissov Lekov (Bolqarıstan)
Hakim-inspektor: İrji Ulrix (Çexiya)

Giurgiu. Marin Anastasoviçi stadionu



© APA 2017