İqtisadiyyat xəbərləri

Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi BMT-nin tədbirində iştirak edib

12:26 19-06-2017

Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi BMT-nin tədbirində iştirak edib

Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində keçirilən “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında konvensiyası”nın iştirakçı dövlətlərinin 27-ci iclası işini yekunlaşdırıb.

 

Dövlət Dəniz Administrasiyasından “APA-Economics”ə verilən xəbərə görə, Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanın təmsil olunduğu mötəbər tədbirdə Azərbaycan Respublikasının ilk dəfə iştirakı müsbət dəyərləndirilib, bu iştirakın gələcəkdə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına öz uğurlu töhfəsini verəcəyi əminliklə vurğulanıb.

 

Azərbaycan Respublikasının “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında Konvensiyası”na və “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında 1982 – ci il 10 dekabr tarixli Konvensiyasının XI Bölməsinin həyata keçirilməsinə dair Saziş”ə qoşulması, Dəniz Dibi üzrə Beynəlxalq Orqanın Baş katibi cənab Maykl Loc tərəfindən yüksək qiymətləndirilib. İclasda Dəniz hüququ haqqında Beynəlxalq Tribunalın 7 üzvü, Kontinental Şelf Limitləri üzrə Komissiyanın 21 üzvü seçilib, xarici auditorun 2015-2016-cı illər üzrə maliyyə hesabatı, büdcə məsələlərinə dair 2015-2016-cı illər üçün maliyyə hesabatı, etimadnamə komitəsinin hesabatı, Kontinental Şelf Limitləri üzrə Baş katibin hesabatı dinlənilib, rəsmi sənədlərə dair BMT-nin siyasəti, Dəniz hüququ haqqında Beynəlxalq Tribunalın büdcə məsələləri, katiblik tərəfindən digər məsələlər üzrə məlumatlar, iştirakçı dövlətlərin 26-cı iclasının qərarı əsasında daimi dəvət olunan Hökumətlərarası təşkilatların siyahısı, BMT-nin okeanlarla iş və Dəniz Hüququ Sektorunun idarə etdiyi etibarlı fondlar və təqaüd proqramları müzakirə olunub.

 

Azərbaycan nümayəndə heyətinin rəhbəri Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında konvensiyası”nın bir sıra iştirakçı dövlətlərinin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib. Görüş zamanı qarşılıqlı əməkdaşlığın daha səmərəli və effektiv həyata keçirilməsi ilə bağlı ölkəmiz üçün əhəmiyyətli olan bir sıra mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



© APA 2017